Hatəm Cabbarlı: “Minsk qrupu Azərbaycana ola biləcək təzyiqləri azaltmağa çalışır”

Hatəm Cabbarlı: “Minsk qrupu Azərbaycana ola biləcək təzyiqləri azaltmağa çalışır”

"ATƏT-in Minsk qrupunun regiona son səfəri 2014-cü ilin ilk aylarında keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşü zamanı müzakirə olunacaq məsələlərin razılaşdırılması ilə əlaqədardır". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

H.Cabbarlı hesab edir ki, həmsədrlərin regiona səfər etməsinə baxmayaraq bu görüşün keçirilməsinə dair ümidverici ab-hava yoxdur: "ATƏT-in Minsk qrupu bu ab-havanı yumuşaltmağa, tərəfləri ortaq məxrəcə gətirməyə çalışsalar da bəzi məsələlərdə tərəflər arasında ciddi fikir ayrılıqları var".

"Bununla yanaşı hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti dəfə səfər etməsinə həm Azərbaycan və Ermənistan arasındakı münasibətlər, həm də regionda və beynəlxalq aləmdə yaşanan proseslər səbəb ola bilər. Belə ki, Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlı bəyanat verməsi və Ukraynada baş verən proseslər ətrafında Rusiyanın postsovet məkanında daha aktiv siyasət həyata keçirməsi Qərb dövlətlərini və ABŞ-ı narahat edən məsələlərdəndir. Bu baxımdan həmsədr ölkələr və ümumən Avropa Rusiyanın postsovet məkanında irəliləməsinin qarşısını almaq və Azərbaycana ola biləcək təzyiqlərin azaldılması üçün tərəfləri masa ətrafına oturtmağa çalışırlar. Hesab edirəm ki, həmsədrlərin səfərini bu baxımdan da dəyərləndirmək mümkündür", - deyə H.Cabbarlı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə