"Ulu Öndər müstəqilliyin fəlsəfəsini yaradan dahi şəxsiyyətdir"

"Ulu Öndər müstəqilliyin fəlsəfəsini yaradan dahi şəxsiyyətdir"

"Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyev hələ sovetlər vaxtında hakimiyyətdə olanda bilirdi ki, bir gün gələcək ölkəmiz müstəqil dövlət olacaq. Bu da o deməkdir ki, gələcək müstəqil dövlətin bünövrəsi elə o vaxtdan qoyulmuşdu. Heydər Əliyev ölkənin müasir inkişafı üçün möhkəm təməl qoydu, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunmasını təmin etdi, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaratdı. Ümummilli lider Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının fəlsəfəsini yaratmış bir şəxsiyyətdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, müstəqil Azərbaycanın mövcudluğuna görə Heydər Əliyevə borcluyuq: "Bunu bütün Azərbaycan xalqı başa düşür. Güclü Azərbaycan dövlətinin yaradılması, qüdrətli Azərbaycan iqtisadiyyatının qurulması 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, Onun iradəsi və müdrikliyi sayəsində təhlükəli proseslərin və təhdidlərin cilovlanması ilə bağlıdır. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim- "azərbaycançılıq" ideologiyasını da yaratdı. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, Ümummilli lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etdi".

"Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir. Əgər Azərbaycan bütün bu hədəflərə çatıbsa, qarşıya qoyduğu məqsədləri yerinə yetirə bilibsə, yüksək ideallar uğrunda apardığı mübarizə çox əhəmiyyətli uğurlar silsiləsinin yaranması ilə nəticələnibsə, deməli, Heydər Əliyevin ideyaları layiqincə yerinə yetirilib, real həyatda öz təcəssümünü tapıb" – deyə, millət vəkili fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə