Sürücülər cərimələrin arıtırılmasını müsbət qarşıladı REPORTAJ-FOTOSESSİYA

Sürücülər cərimələrin arıtırılmasını müsbət qarşıladı REPORTAJ-FOTOSESSİYA

Azərbaycanda avtomobil qəzalarının sayı artmaqda davam edir. Artıq hər birimiz gün ərzində müxtəlif informasiya vasitələrindən onlarca bu cür xəbər alırıq. Ürək ağrıdıcı olsa da statistik məlumatlar təsdiqləyir ki, Azərbaycanda avtomobil qəzalarının sayı getdikcə artmaqdadır. Bəs görəsən insan həyatını birbaşa təhlükə altında qoyan yol qəzalarının artmasına səbəb nədir? Təbii ki, burada insan amili ilk ağıla gələn faktordur. Piyada və ya sürücülərin yol hərəkəti qaydalarını pozması faciəvi sonluqla yekunlaşır. Düzdür, avtomobilin nasaz olması da qəzaya yol açan amil ola bilər. Lakin burada da insan faktorunun rolu danılmazdır. Çünki, belə avtomobillə yola çıxan sürücü özü, maşında olan, eləcə də ətrafdakıların həyatını təhlükəyə atır.

Elə məhz bununla əlaqədar olaraq da Milli Məclisin dekabrın 3-də keçirilən növbəti iclasında İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Yeni dəyişikliyə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, insanlara açıq formada hörmətsizlik edən, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulan nəqliyyat vasitələrinin sahiblərinin idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, onlar 50 manatdan 750 manatadək cərimə ediləcəklər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, cərimələrin artırılması bütün sürücülərin daha az qanun pozmasına gətirib çıxaracaq: "Belə ki, təhlükəsizlik kəmərindən istifadə edilməsi 5-20 manat həcmində idisə, cərimələr artırıldıqdan sonra bu məbləğ 40 manat təşkil edir. Beləliklə, cərimələrin artırılması avtomobil sürücülərinə müsbət təsir göstərir. Bu zaman həmin sürücülər qayda-qanuna daha ciddi riayət edirlər. Nəzərə alaq ki, bir gün ərzində avtomobil idarə edənlərin təxminən 30-35 faizi öz istəkləri ilə təhlükəsizlik kəmərindən istifadə edir".

Bəs görəsən sürücülər cərimələrin miqdarının artmasını necə qəbul edirlər və bu barədə nə düşünürlər? Onlar yol qəzalarının baş vermə səbəbini nədə görürlər?

Sürücü Tünzalə Əliyeva: "Düşünürəm ki, cərimələrin miqdarının artması qəzalarının sayının azalmasına gətirib çıxaracaq. Çünki, yol qəzalarının artımı birbaşa yüksək sürətlə bağlıdır. Bəzi sürücülər öz avtomobillərini diqqətsiz idarə edirlər. Bu qəzaların artmasında piyadaların da rolu var. Bəzi piyadalar onlar üçün ayrılmış piyada keçidlərindən istifadə etmir ki, bu da sonda qəzalara səbəb olur.

Sürücü Rafiq Əliyev: "Milli Məclisin iclasında cərimələrin artırılması ilə bağlı İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsini alqışlayıram. Düşünürəm ki, bu, qəzaların sayının qismən də olsa azalmasına səbəb olacaq. Bunun səbəbi qanun-qaydanı bilməmək, sürətə düzgün əməl etməməkdir".

Sürücü Nurlan Həsənov: "Bu addımı müsbət qarşılayıram. Çünki, bəzi sürücülərimiz bilərəkdən avtomobili sürətlə idarə edirlər ki, bu da sonda qəzaya gətirib çıxarır. Çox istərdim ki, bu cəzalar daha da sərtləşdirilsin. Ən çox qəza törədən insanlar elə imkanlı şəxslərin övladlarıdır. Təbii ki, burada piyadaların rolu da böyük əhəmiyyətə malikdir. Çünki, onlar piyada keçidindən keçməyərək, özlərini avtomobilin altına atırlar. Hətta yol polisləri tərəfindən şahidi oluruq ki, yolu düzgün keçməyən piyadalara cərimələr tətbiq olunur".

Sürücü, Rüstəm Əhədov: "Mən bu addımı müsbət qiymətləndirirəm. Düşünürəm ki, bununla da yol qəzalarının sayı azalar. Hətta piyadalar da yol qəzalarının sayının artmasının başlıca səbəbkarlarındandır. Çünki, piyadalar onlar üçün ayrılmış zolaqdan keçmir ki, bu da ağır nəticə ilə yekunlaşır".

Sürücü Vüsal Qurbanov: "Mən 2007-ci ildən sürücülüklə məşğulam. Həmin müddət ərzində yol qaydalarını pozduğum üçün peşmançılıq duymuşam. Fikirləşirəm ki, biz sürücülərə nə qədər cəzalar sərtləşdirilsə, bir o qədər də qəzaların sayı azalar. Hər dəfə televizorda baxanda gündə xeyli sayda insanın qəza törətdiyinin şahidi oluruq. Təbii bu da bizi çox təəssüfləndirir".

Vaqif Əsədov bildirib ki, sərxoş vəziyyətdə avtomobili idarə edənlərin cəza növü əvvəlki qaydalara əsasən indi daha da sərtləşib: "Müşahidə etsək görərik ki, sərxoş vəziyyətdə avtomobil idarə edənlərin sayını azaldıb. Həmçinin, avtomobil idarə edən zaman əldə mobil telefon saxlamaq, ondan istifadə etmək qaydaların pozulması deməkdir. Ötən il bu cəzalar 15-20 manat idisə, indi bu cəzalar 50 manatdır. Ümumiyyətlə, tətbiq edilən nizam-intizam qaydalarının sərtləşdirilməsi cəmiyyətə yaxşı təsir göstərir. Bu hal isə nizam-intizamı gücləndirir və xəta törədənlərin sayını azaldır".

Avtomobil qəzalarında yaralananlarla yanaşı, ölənlərin yüksək sürətlə artımı tək Azərbaycanda deyil, bütün dünyada narahatlıqla qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yol nəqliyyat hadisələri insan ölümünün doqquzuncu səbəbi kimi tanınır. Ancaq bu bəlanın qarşısını almaq, həm özümüzün həm də başqalarının həyatını təhlükəyə atmamaq mümkündür. .

Bütün xəbərlər Facebook səhifəmizdə