Ermənistan mətbuatı: “Putin Ermənistana bu dəfəki səfəri ilə bu ölkənin Rusiya tərəfindən tam işğal olunmasını sübut etdi”

Ermənistan mətbuatı: “Putin Ermənistana bu dəfəki səfəri ilə bu ölkənin Rusiya tərəfindən tam işğal olunmasını sübut etdi”

Vladimir Putinin Ermənistana səfər etməsi qorxunc idi. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Putin Ermənistana bu dəfəki səfəri ilə bu ölkənin Rusiya tərəfindən tam işğal olunmasını sübut etdi. Bunun üçün ermənilər Ermənistanın qapılarını işğalçıların üzünə açaraq, üstəlik qiymətli hədiyyələr də bəxş ediblər: "Hələki Ermənistan prezidenti Serj Sarkisyan Putinə imkan daxilində nə var idisə verdi. Misal üçün Ermənistan əlində qalan 20% təbii qazını, neftini, prezidentin əvəzinə qərar vermə hüququnu da artıq Putinə təslim edib".

Eyni zamanda, erməni nəşri kinayə ilə qeyd edir ki, Ermənistan parlamentində hazırda pensiyalar sahəsindəki islahatlar müzakirə olunur: "Görəsən, hansı islahatlardan söhbət gedir? Bir neçə ildən sonra Ermənistan da bu gedişlə Rusiya "pensiyası" alacaq. Erməni qocaları elə lap Tverdə qocalar evi ilə təmin də olunarlar.

Bundan sonra nə daşnaklar, nə də digər ermənilər daha müstəqillikdən və suverenlikdən danışmasınlar. Çünki, ötən gün Ermənistan ermənilərin səsləndirdikləri suverenlik və müstəqillik sədaları altında olan-qalan müstəqilliklərini də Rusiyaya təslim etmiş oldular. Əbəs yerə Rusiyanın məşhur jurnalistlərindən biri olan Vadim Dubnov Ermənistanı Rusiyanın ən yaltaq tərəfdaşı adlandırmayıb. Bax, ən qorxunc olan da budur.

Yaxşısı odur ki, heç olmasa Ermənistanda bir neçə ağıllı adam tapıla ki, bütün bunlara öz etirazını bildirsin. Əks halda Putin düşünərdi ki, bütün ermənilər Moskvada "şaurma" bişirmək üçün can atırlar. Düzdür, bu qismən də olsa belədir. Baxmayaraq ki, hazırda ermənilər Rusiya üçün məhz Ermənistanda oturaraq "şaurma" bişirirlər.

Putin heç də gizlətmir ki, onun üçün Cənubi Qafqazın təhlükəsizliyi məhz Ermənistandan başlayır. Putin heç Serj Sarkisyanın "Rusiya hərbi bazası elə Ermənistanın hərbi bazasıdır" ifadəsini dəstəkləmədi də. Əvəzində Putin bazanın Cənubi Qafqazın təhlükəsizliyinin "təminatçısı" olduğunu dilə gətirdi.

Putinin səfəri zamanı ən yadda qalan faktor erməni icmasının heç bir reaksiya verməmələri ilə özlərini Rusiyanın əlaltısı kimi göstərdilər və bunu beynəlxalq arenada sübut etməklə əslində, Ermənistanın müstəqil dövlət olmadığını nümayiş etdirdilər. Bax bu, erməni icmasının dünya miqyasında ən alçalmış vəziyyətinin görüntüsü idi".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə