Həmkarlar ittifaqları haqqında qanuna dəyişikliklər təklif olunur

Həmkarlar ittifaqları haqqında qanuna dəyişikliklər təklif olunur

"İnsanların seçmək və seçilmək hüququ var və bunu məhdudlaşdırmaq olmaz. Həmkarlar ittifaqları da seçkili təşkilatdır. Ona görə də heç kim şəxsin bir neçə dəfə həmkarlar təşkilatına sədrlik etməsinə müdaxilə edə bilməz". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, həmkarlar təşkilatlarına sədr seçilməsinə müəssisə kollektivinin özü məsuliyyət daşıyır: "Bəzən bizi şəxsin bir neçə il həmkarlar təşkilatına sədrlik etdiyi üçün tənqid edirlər. Həmin şəxslər bilməlidirlər ki, biz həmkarlar ittifaqlarına sədr təyin etmirik. Hər bir yerdə həmkarlar ittifaqlarına sədr seçmək həmin müəssisədə çalışan işçilərin hüquqlarına daxildir. Mən və ya başqa bir şəxs deyə bilməz ki, nə üçün kollektiv bu insanı təşkilata sədr seçir".

S.Mehbalıyev deyib ki, bəzən hər hansı bir müəssisə rəhbərliyi tərəfindən həmkarlar ittifaqının işlərinə müdaxilələr olur: "Biz bu məsələnin həll olunması üçün qanun layihəsində dəyişikliklər edilməsinə çalışacağıq. Hazırladığımız layihədə müəssisə rəhbərlərinin həmkarlar ittifaqının işinə müdaxiləsini sıfıra endirməyə çalışacağıq. AHİK bu məsələni müzakirə edəcək. Bildiyiniz kimi hər bir müəssisədə çalışan işçilər təşkilata rəyasət üzvü seçir. Biz hesab edirik ki, təşkilata sədr həmin üzvlər içərisindən AHİK tərəfindən seçilsin. Belə olan təqdirdə həmkarlar təşkilatlarına sədrlik edən şəxs birbaşa AHİK qarşısında məsuliyyət daşıyacaq. Bununla da həmin müəssisə rəhbərinin təşkilatın işinə müdaxiləsi sıfıra enəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə