Səttar Mehbalıyev: "Azərbaycan dövlətinin gələcək inkişafı savadlı gənclərdən asılıdır"
Bu gün Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (DİİXİHİRK) tərəfindən "Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş nitqi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev açaraq diqqətə çatdırıb ki, məşğulluq problemi tək Azərbaycanın deyil, eləcə də bütün dünyanın diqqət mərkəzindədir: "Hələ Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə gənclərə böyük diqqət və qayğı göstərib və bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təkcə Azərbaycanda gənclərlə bağlı 5 Dövlət Proqramı qəbul edilib və 2 fevral Gənclər günü elan olunub. Cənab Prezident İlham Əliyev hər zaman gənclərə böyük diqqət göstərib, onların təhsilinin, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı müəyyən işlər görüb. Ölkəmizdə 2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün Dövlət Proqramı qəbul edilib ki, bu da gənclərimizin xaricdə təhsil aldıqdan sonra ölkəmizə qayıdıb işlə təmin olunmalarına əsas verir. Bir sözlə, Azərbaycan dövlətinin gələcək inkişafı siz savadlı gənclərdən asılıdır".
Daha sonra "Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri" mövzusunda DİİXİHİRK-nın sədri Hikmət Osmanov deyib ki, Azərbaycanda 4 milyon 500 minə yaxın əməkqabiliyyətli insan var: "Biz çalışırıq ki, gənclərin asudə vaxtlarını daha səmərəli təşkil edək. Kütləvi idman tədbirlərinin keçirilməsi bizim əsas işlərimizdən birini təşkil edir. Buna misal olaraq Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil olunan tədbirləri qeyd edə bilərəm. Sahə həmkarlar ittifaqı olaraq biz mütəmadi olaraq idman təşkilatları ilə əməkdaşlıq edirik. Azərbaycan torpaqlarının işğaldan azad olunması gənc hərbiçilərdən daha çox asılıdır. Biz ailə vəziyyəti çətin olan kursantların maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində təqaüdlər ayırmışıq. Bununla belə 9-10-cu sinfi yaxşı oxuyan 37 nəfər şagirdə 50 manat təqaüd verilir. Hesab edirəm ki, bütün bunlar onların təhsil xərclərini qismən də olsa, təmin edə biləcək".
Sonra "Əmək sferasında gənclərin məşğulluğu vəziyyəti haqqında" Azərbaycan Turizm İnstitutunun şöbə müdiri Nərminə Abdullayeva, "Gənclərin arasında cinayətkarlığın qarşısının alınmasında yuvenal ədliyyənin rolu" mövzusunda Vüsal Əhmədov, "Azərbaycan Respublikasında erkən nigah ilə mübarizə" mövzusunda Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək gənclərin pis vərdişlərdən çəkinmələri üçün lazımi tövsiyyə və tapşırıqlarını veriblər.
Tədbirin sonunda konfransın qətnaməsi müzakirə olunub qəbul ediləcək. Bununla belə Respublika Komitəsi yanında Gənclər şurası yaradılacaq.
Konfransa bədii hissə ilə yekun vurulacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB