Cümşüd Nuriyev: "Cəmil Həsənli dovşandır, onun yeri meşəlikdir" Müsahibə
Politoloq Cümşüd Nuriyevin SİA-ya müsahibəsi:
- Avropa Parlamentinin dünən keçirilən plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu vurğulanır. Bu qətnaməyə münasibətiniz necədir?
- Beynəlxalq təşkilatlar içərisində BMT TŞ-dan yüksək qurum yoxdur. BMT TŞ-nin 4 qətnaməsi hələ də icra olunmayıb. Avropa Parlamentinin qəbul etdiyi növbəti qətnamə isə Azərbaycanın xarici siyasətinin qələbəsidir. Eyni zamanda, bu Ermənistana vurulan tək sillədir. Hazırda Ermənistan rəhbəri Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bu həm də son zamanlar Ermənistanın xarici siyasətindəki qeyri-sabitliyi ilə bağlıdır. Çünki Ermənistanın bir ayağı Avropa Şurasında, digəri isə Rusiyanın yeni yaratdığı Gömrük İttifaqındadır. Azərbaycan indiki dövrdə bu prosesdən yararlanmalıdır. Bu qətnamənin qəbul edilməsi həm də Avropanın Azərbaycanda keçirilən seçkilərə ikili standartlarla yanaşmasına da bir nümunədir. Azərbaycanın seçkilərdə guya hansısa hüquq normalarını pozması, digər tərəfdən isə Avropa Parlamentinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bunu bir daha nümayiş etdirmiş olur. Əgər bir ölkənin ərazisində 1 milyondan çox qaçqın və məcburi köçkün varsa və Azərbaycan dövləti belə şəffaf, ədalətli və demokratik seçki keçirirsə, Avropa bunu alqışlamaq əvəzinə, yenə də ikili standartlarla yanaşır.
- Son zamanlar Moskvada baş verən hadisələri Rusiyanın Azərbaycana təzyiqi kimi başa düşmək olarmı? Ümumiyyətlə, mövcud hadisələrdən sonra ölkəmizə miqrant axınının Azərbaycan iqtisadiyyatına nə kimi təsiri olacaq?
- Bu gün məlum olur ki, Azərbaycan vətəndaşı Orxan Zeynalovun "öldürdüyü" Yeqor Şerbakov Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istərkən gömrükdə saxlanıb. Ötən gün bu xəbər Moskvada ildırım sürətilə yayılmağa başlayıb. İddialarda bildirilir ki, iki gün öncə ictimaiyyətə Yeqor Şerbakovun sevgilisi kimi təqdim olunan xanım da Moskva-Paris uçağı ilə Rusiya paytaxtını tərk edib. Bu o deməkdir ki, baş verənlərin hamısı Rusiyanın səviyyəsiz şəkildə hazırladığı təxribat idi. Onlar bu yolla Azərbaycana təzyiq etməyi düşünürsə, o zaman onların istəyi baş tutmayacaq. Azərbaycan artıq Qafqazın lider dövləti olmaqla yanaşı, tədricən GUAM-ın qabaqcıl ölkəsinə çevrilib. Eyni zamanda, Azərbaycan MDB-nin favorit dövlətləri sırasında ilk üçlükdədir. Rusiyadakı miqrantların çıxarılması həmin ölkənin iqtisadiyyatının çökməsinə səbəb olacaq. Ona qalsa ən böyük miqrant ABŞ-dadır. Həmin ölkədə hər 8 nəfərdən biri miqrantdır. Lakin Rusiyada hər 14 nəfərdən biri miqrantdır. Hazırda Rusiyada olan 29 milyon miqrantın hesabına ölkə ayaqda qala bilir. Rusiyanın ağlı olsa, miqrantlarla bağlı siyasətinə ciddi dəyişiklik edər. Çünki Rusiya əhalisinin 50 %-i içkiyə qurşanıb. Orada qocalıqla bərabər, ölüm halları da çoxalıb. Son 15 ildə Rusiyada müsəlmanların sayı 10%-ə yaxın artıb. Rusiyanın ölkəmizə qarşı bir sıra təhdidləri var. Bu da Azərbaycanın Gömrük İttifaqına qoşulması ilə bağlıdır. Ancaq bu siyasət heç vaxt alınmayacaq. Baxmayaraq ki Orxan Zeynalovla bağlı məsələ tam həll olunmayıb, ancaq Azərbaycan öz vətəndaşına sahib çıxdı. Ruslar dərk etməlidir ki, Azərbaycan Ermənistan deyil ki, öz vətəndaşından imtina etsin. Orxan Zeynalov cinayət törətmiş olsa belə, onun hüquqları qanun çərçivəsində qorunmalı idi.
- Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul etdi. Bir çoxlarının amerikalı həmsədrə inamı böyükdür. Çünki onun çox güclü diplomat olduğunu deyirlər. Sizcə, 21 ildən çoxdur ki, həll olunmayan Dağlıq Qarabağ məsələsində onun nə kimi töhfəsi ola bilər?
- Bu heç də inandırıcı görünmür. Məqsəd ondan ibarətdir ki, ABŞ da Rusiya kimi Azərbaycanı özünün təsir dairəsində görmək istəyir. Ona görə də ABŞ çalışır ki, daha güclü diplomatı Azərbaycana göndərsin. Bu sadəcə görüntü yaratmaq xatirinə görülən işdir. Azərbaycan cəmiyyətində intellektual potensial o qədər yüksəkdir ki, xaricdən gələn insanların hansı səviyyəyə malik olduğunu elə həmin vaxt dərk edirik. Amerikalı həmsədrin Prezident İlham Əliyevlə görüşündən sonra belə bir fikir formalaşıb ki, əvvəlki həmsədrlərlə müqayisədə bu daha peşəkar diplomatdır. Lakin bu peşəkarlığı Dağlıq Qarabağ məsələsinin xeyrinə yönəldəcəyi bizdə böyük şübhə doğurur. Adətən bütün peşəkarlar çalışırlar ki, öz dövlətlərinin marağına uyğun hərəkət etsinlər. Əksi isə mümkün deyil. Ona görə də yeni həmsədrin münaqişənin həllində əsas aparıcı qüvvə olacağına inanmıram. Çünki ABŞ-ın xarici siyasətini kifayət qədər araşdırıb, bununla məşğul olmuşam. Amerikanın yalnız müvəqqəti maraqları var. Həmin maraqlar təmin olunandan sonra hər şey ABŞ-ın yadından çıxır. Yeni həmsədrin təyinatı daha çox Dağlıq Qarabağ məsələsinin dondurulmasına xidmət edəcək. Amerikada həm xristian həmrəyliyi var, həm də erməni diasporası ilə onların münasibətlərində istilik var. Onların bizə olan sevgisi mehriban düşmən sevgisidir.
- Müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənli bir müddət bundan əvvəl Avropada bir sıra görüşlər keçirib. Həmin görüşlər çərçivəsində o, həmçinin maliyyə fırıldaqçısı Elşad Abdullayevlə görüşüb. Bu azmış kimi, hətta onunla birlikdə şəkil də çəkdirib. Maraqlıdır ki, Cəmil Həsənli Azərbaycanda rüşvətxorluğun artdığını deyir, ancaq özü ən böyük rüşvətxorla görüşüb. Bunun arxasında nə dayanır?
- Cəmil Həsənli sadəcə Amerikanın Mərkəzi Kəşfiyyat idarəsinin əlində olan oyuncaq fiqurudur. Məlum olub ki, o tələbə vaxtı Avstriyada həbs olunub. 1995-ci ildə Azərbaycanda dövlət çevrilişində Heydər Əliyevi öldürmək istəyən türk vətəndaşının bir nömrəli agenti olub. Avropaya gedən Cəmil Həsənli təbii ki, onların tapşırığı ilə bütün bu işləri görür. Elşad Abdullayev da hazırda onların əlindədir. Onun fırıldaqçı biri ilə gedib görüşməyi azmış kimi, hələ onunla şəkil də çəkdirir. Bu da onların hər ikisinin eyni səviyyədə olmasından xəbər verir. Sözün açığı, Cəmil Həsənli və Elşad Abdullayevə dəstək olan insanlara yazığım gəlir. Onlar nə qədər bədbəxtdirlər ki, bu cür insanlardan yararlanmağa çalışırlar. Onun hər hansı bir nüfuzu qalmayıb ki, bundan sonra da həmin nüfuz aşağı düşsün. Onu sadəcə siyasi uçurumun dibinə salıblar. "Milli Şura" Amerikanın onlara ayırdığı vəsaitin hesabına Cəmil Həsənlini vahid namizəd kimi irəli sürdü. Amerika Rusiyanın layihəsini pulla aldı və həyata keçirdi. Burada da həmin layihəni üçlük- Müsavat, AXCP və "El" hərəkatı reallaşdırdı. Cəmil Həsənli necə elmlər doktorudur ki, bu günə qədər dərk etmir ki, onu nəinki Azərbaycan xalqı, heç ətrafında olan insanlar da qəbul etmir. Hətta bir faktı xüsusi vurğulamaq lazımdır ki, Rəsul Quliyev onları "mutfilm" adlandırır. Bunun da böyük mənası var. Cizgi filmindəki obrazların hamısı rəssamlar tərəfindən çəkilərək canlandırılır və həmin qəhrəmanların özləri isə heç nə edə bilmir. Görünür, Cəmil Həsənli özünü Rusiya istehsalı olan "Nu paqadi" cizgi filmindəki canavar hesab edir. Lakin o, hələ də başa düşmür ki, canavarlıqdan çıxıb və artıq dovşanlaşıb. Bu dovşanı isə bir tərəfdən Azərbaycan müxalifəti, digər tərəfdən isə xarici qüvvələr qovalayır. Əgər o özünə hörmət edən biri olsaydı, o zaman ölkəni tərk etməli idi. Onun yeganə çıxış yolu meşəlikdə yaşamaqdır. Ən azından insanlardan uzaq olmuş olar. Əgər onun insanların üzünə çıxmağa üzü varsa, deməli Cəmil Həsənlinin abır təbəəsi, ar damarı qırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB