9 oktyabr prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası bütün bölgələrdə ruh yüksəkliyi ilə müşahidə olunur. Zərdab rayonunda da Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğatı uğurla davam etdirilir. YAP-ın Zərdab rayon üzrə Seçki Qərargahının nümayəndələri mədəniyyət işçiləri və gənclərlə növbəti görüşünü keçirib.
Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova ölkəmizin çox mühüm siyasi kampaniya, növbəti Prezident seçkiləri ərəfəsində olduğunu bildirib: "Prezidentin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticələri, xalqın yüksələn sosial rifahı, dövlətimizin beynəlxalq aləmdə daim artan nüfuzu və mövqeyi göz önündədir. Bütün bunlar uğurlu, parlaq siyasətin nəticəsidir. Bizlər bu siyasətin davamını istəyirik. Buna görə də 9 oktyabrda YAP-ın namizədinə səs verəcəyik".
Daha sonra Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva seçicilər qarşısında çıxış edərək qeyd edib ki, YAP namizədinin qələbəsi artıq bəllidir: "Əgər biz Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq onun xalq arasında 87,93 % təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab Prezidentin ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, Prezident seçkilərinin nəticəsini görmək çətin olmaz – seçicilərin mütləq əksəriyyəti öz səslərini cənab İlham Əliyevə verəcəkdir".
Görüşdə həmçinin, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər.
Seçicilər adından Mədəniyyət işçisi Bəylər Abdullayev, şair Mübariz Səfiyaroğlu,"Əkinçi" qəzeti redaksiyasında müxbir işləyən Ələkbər Kərimov çıxış edərək mədəniyyət işçilərinin, YAP-ın namizədi Cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər və bütün seçiciləri layiqli namizəd Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB