Bakı Humanitar Kollecinin müəllim-tələbə heyəti davamlı inkişafa səs verəcəklər
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı hakim partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı Humanitar kollecinin müəllim-tələbə heyəti ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Qüdsi Bayramov, Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, kollecin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudov bildirib ki, 9 oktyabrda ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan mühüm hadisə olan prezident seçkiləri keçiriləcək. Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara nəzər salan İlqar Mahmudov bildirib ki, bu gün Azərbaycanda savadlı gənc nəsil yetişir və gənclər ölkənin gələcəyində əhəmiyyətli rol oynayırlar: "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib amillərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb".
Tədbirdə çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov ölkədə intellektual potensialın inkişaf etdiyini və Prezident İlham Əliyevin elmə, təhsilə, səhiyyəyə diqqət göstərdiyini qeyd edib: "Qısa müddətdə təhsil müəssisələrinin maddi-texniki bazası güclənir. Təhsil üçün ayrılan vəsaitlərin illik artımı, inkişafyönümlü dövlət proqramlarının icrası zərurəti ilə şərtlənib. Təhsillə bağlı həyata keçirilən tədbirlər təhsilin məzmunun yeniləşməsinə, təhsilin idarə olunmasının təkmilləşdirilməsinə yönəldilib. Hər kəsi seçki hüququndan istifadə edərək, seçkilərdə fəal olmağa, ölkəmizin işıqlı gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə çağırıram".
Təhsil sahəsində aparılan islahatlardan danışan Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov ölkəmizdə hər il yeni təhsil müəssisələrinin açıldığını və onların əksəriyyətinin əsaslı şəkildə təmir edildiyini qeyd edib: "Aparılan təhsil islahatı artıq öz bəhrəsini verir. Hər kəsi seçkidə iştiraka və vicdanlı seçim etməyə səsləyirəm".
Görüşdə çıxış edən seçicilər Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqət və qayğını qeyd edərək, Cənab İlham Əliyevə səs verməklə gələcək inkişafımıza səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB