Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak edib
Sentyabrın 5-də Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevə məlumat verdi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin iyulunda başlanmış və tikinti işləri bu ilin avqustunda başa çatdırılmışdır. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir.
Diqqətə çatdırıldı ki, mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsindəki şahmat və internet otaqları bütün lazımı avadanlıqlarla təchiz olunub. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda dəyirmi masalar keçirmək mümkün olacaq. Bundan başqa, mərkəzdəki 3D formatlı kino klubu da orijinallığı ilə diqqəti cəlb edir. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılıb və 3D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək.
Bildirildi ki, binanın ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotogüşələr yaradılıb. Bu mərtəbədə fəaliyyət göstərəcək əyləncə mərkəzində müxtəlif oyun aparatları quraşdırılıb. Burada yaradılmış atıcılıq salonu ən müasir avadanlıqla təchiz olunub. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı ,150 yerlik açıq zal fəaliyyət göstərəcək. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB