Qondarma Milli Şuranı da sələflərinin aqibəti gözləyir MÜSAHİBƏ

Qondarma Milli Şuranı da sələflərinin aqibəti gözləyir MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Tərlan Səfərovun SİA-ya müsahibəsi:

- Tərlan, sizcə müxalifətin formalaşdırdığı "Milli Şura" niyə 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şuranın kölgəsinə sığınıb?

- Müxalifət düşərgəsinin formalaşdırdığı "Milli Şura" əbəs yerə 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şuranın kölgəsinə sığınıb! 1918-1920-ci illər arasında cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bizim üçün əzizdir. Çünki biz məhz Cümhuriyyətin hüquqi-siyasi varisi olan müstəqil Azərbaycan Respublikasının varisləriyik. Ancaq çox təəssüflər olsun ki, ambisiyalarının qulu olan bəzi radikal müxalifət başqanları Xalq Cümhuriyyətinin atributlarını, rəmzlərini siyasi möhtəkirlik predmetinə çevirməyə çalışırlar. Xalqların təşəkkül tapması və qarşıya qoyduqları konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu mühüm şərtlərdən biridir. Bu gün Azərbaycanda vaxtı ilə cümhuriyyət ideoloqlarının arzuladıqları müstəqil, demokratik, hüquqi dövlət mövcuddur və bu dövlət Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edərək, məqsədlərinə doğru inamla irəliləyir. Lakin çağdaş cəmiyyətimizdə Cümhuriyyət ideyalarına şərik çıxaraq, həmin ideyaları öz siyasi ambisiyalarının hədəfinə çevirməyə çalışan radikal müxalifətin pozucu cəhdləri seçkiqabağı atmosferi korlamağa yönəlib. Ələlxüsus, siyasətbazların formalaşdırdıqları "Milli Şura"ya münasibət birmənalı deyildir.

- Sizcə radikal müxalifətin "Milli Şura" avantürası nə vaxtadək gündəmdə olacaq?

- Didişə-didişə yaratdıqları, heç bir sosial bazası olmayan "Milli Şura" da destruktiv müxalifətin növbəti uğursuzluğa məhkumluğu qabaqcadan bəlli olan avantürasıdır. "Yalan ayaq tutar, yeriməz" - deyiblər. Kinorejissor Rüstəm İbrahimbəyovu prezidentliyə hələ ki, vahid namizəd kimi təqdim edən xəstə müxalifət düşərgəsinin "Milli Şura"sı hətta heç ayaq da tutmayıb. Çünki, heç də milli olmayan bu şuranın sosial bazası yoxdur. Hamı bilir ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktına indiyədək kəskin münasibət bildirməyən İbrahimbəyov "Kino Evi" tikmək adı ilə qanunsuz zəbt etdiyi bir hektar ərazini geri qaytarmaq üçün davaya qalxıb, sonra da uğursuzluğunun labüd olduğunu görüb bacarmadığı bir işə – siyasətə girişib. Məqsədi də "düşmən dəyirmanına su tökmək"dir. Onun "Milli Şura"sının da aqibəti daha əvvəl siyasət səhnəsindən silinmiş "ziyalılar forumu", "ictimai palata" və başqa adlı birliklərinki kimi olacaq. Bu qondarma birliklər siyasətdə "ölü doğulan uşaq" kimidir. Doğulduğu müddətdə bir az danışılır sonra tamamilə yaddaşlardan silinir.

- Demək istəyirsiniz ki, Azərbaycan vətəndaşlarının Rüstəm İbrahimbəyovu siyasət adamı kimi qəbul etməməsi "Milli Şura"nın "ölü doğulan uşaq" olmasının əsas səbəbidir?

- Əlbəttə ki, yox! Qondarma Milli Şuranı yaradan müxalifət başqanları heç vaxt öz şəxsi ambisiyalarını Rüstəm İbrahimbəyova güzəştə getməzlər. Yetərincə siyasi savada malik Azərbaycan vətəndaşları İsa Qənbəri, Əli Kərimlini yaxşı tanıyırlar. Əgər hakimiyyətə yiyələnmələri üçün necə deyərlər, "iynə ucu boyda işıq gələn yerləri" olsa, şanslarını bir-birinə verməzlər, onda qalmış ki, Rüstəm İbrahimbəyova. Düşünürəm ki, onların hətta sözdə İbrahimbəyovu əsas fiqur kimi qabağa vermələri prezident seçkilərində cənab İlham Əliyevin qalib gələcəyinə şübhə etmədiklərinin göstəricisidir. İbrahimbəyovu irəli sürməklə Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanda hakimiyyətin dəyişilməsində Rusiya maraqlıdır. Ancaq kifayət qədər siyasi dünyagörüşə malik azərbaycanlılar, hətta rusdilli vətəndaşlarımız da yaxşı bilirlər ki, bu, şoudur və "naftalin qoxusu verən" destruktiv müxalifətin yalnız kiçik siyasi devidentlər qazanmaq istəyinin təzahürüdür. Sərrastcasına deyilmiş "naftalin qoxusu verən müxalifət" ifadəsinin kimə məxsus olmasını da "Milli Şura"nın əsas oyunçuları yaxşı xatırlayırlar və zehni cəhətdən yox bioloji qocaldıqları faktını qəbul etmək istəmirlər.

- Yeri gəlmişkən, qoca müxalifətin gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Radikal müxalifətin gənclər siyasəti yoxdur. Onların yalnız öz siyasi ambisiyalarını gerçəkləşdirmək, yaxud qismən reallaşdırmaq üçün gəncliyin enerjisindən istifadə etmək məqsədləri var. Əgər bu partiyaların real gənclər siyasəti olsaydı, partiyadaxili gəncləşmə prosesi müşahidə olunar, sədrlikdə təmsil olunanlar öz vəzifələrini gənc əqidədaşlarına təhvil verərdilər. Belə olan halda gənclər necə ümid edə bilərlər ki, Müsavat, AXCP və "Milli Şura"ya üzv olan digər müxalifət partiyasının, tutaq ki, xülyasının gerçəkləşəcəyi hakimiyyətə gələcəyi təqdirdə gəncliyə meydan verəcəklər? Əminliklə deyə bilərəm ki, Azərbaycan gəncləri öz gələcək planlarını, arzu və istəklərini cənab İlham Əliyevin ətrafında sıx birləşməklə həyata keçirə biləcəklərini aydın başa düşürlər. Destruktiv qüvvələrin qanunsuz aksiyalara sürüklədiyi az sayda gənclər isə düşünüb-daşınmalı, radikal müxalifətin oyuncağına çevrilməkdənsə, Azərbaycanda uğurla gerçəkləşdirilən dövlət gənclər siyasətinin açdığı imkanlardan bəhrələnməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə