Musa Quliyev: “Azərbaycan sosial rifah dövlətinə çevrilmək yolunda uğurla irəliləyir”

Musa Quliyev: “Azərbaycan sosial rifah dövlətinə çevrilmək yolunda uğurla irəliləyir”

"Həyata keçirilən sosial layihələr, atılan addımlar bir daha göstərir ki, Azərbaycan sosial rifah dövlətinə çevrilmək yolunda uğurla irəliləyir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, sosial rifah dövləti yolunda atılan addımlar bundan sonra daha intensiv xarakter alacaq: "Azərbaycan hökuməti prioritet istiqamət kimi daxili siyasətində vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verir. Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, Azərbaycanda orta əməkhaqqı 520 dollar, orta pensiya isə 200 dollar səviyyəsindədir. Bu da MDB səviyyəsində ən yüksək göstəricilərdən biridir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda 11 faiz artım olub ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə çoxdur".

Millət vəkili bildirib ki, bu rübdə əmək haqları daha da artırılacaq və bu da dövlət tərəfindən vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş çox ciddi addımdır: "Azərbaycanda pensiya və əmək haqlarının artırılması ənənə halını alıb. Bir başa əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən əmək haqları, pensiyaların artırılması ilə yanaşı, vətəndaşın sosial rifah halını yaxşılaşdıran dolayı amillərdə var ki, onlara da dövlət tərəfindən ciddi diqqət ayrılır. Xəstəxanaların vəziyyətinin yaxşılaşdırılması, yeni xəstəxanaların tikilməsi, mədəniyyət istirahət parklarının salınması, yolların və digər infrastrukturların yaxşılaşdırılması dolayı yolla vətəndaşın vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bundan başqa Azərbaycanda yaxın vaxtlarda tətbiq edilməsi gözlənilən icbari tibbi sığorta əhalinin tibbi xərclərinin sıfıra endirilməsinə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə