Hicran Hüseynova: "Azərbaycan qadını Mehriban Əliyevanın simasında dünyaya təqdim olunur"

"Mehriban Əliyevanın simasında Azərbaycan qadını dünyaya təqdim olunur". SİA-nın xəbərinə görə bu sözləri Azərbaycan Qadınlarının IV Qurultayında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, ötən qurultaydan keçən 5 il ərzində ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik göz qabağındadır: "Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri danılmazdır".

Komitə sədrinin sözlərinə görə, prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti ilə son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib: "Aparılan məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artıb. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələr də öz fəallığı ilə seçilir. Bununla yanaşı, ölkədə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi cəhətdən müstəqilliyinin artırılması sahəsində möhkəm addımlar atılır.Bundan başqa şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçki hüququ verilib. 95 il bundan əvvəl verilən bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin artmasına təkan verdi".

H.Hüseynova çıxışında deyib ki, Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açıb: "Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlətin qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanda daha öncə keçirdiyimiz qadınların qurultaylarında irəli sürülən təkliflərin həyata keçirilməsi ölkəni inkişafa və tərəqqiyə doğru yönəltdi. Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb. M.Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban Əliyeva dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ən ali fəxri adlara, mükafatlara layiq görülüb. Ümummilli liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması humanizm prinsiplərinin göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə