Elman Nəsirli: “Almaniya dünyaya İnsan hüquqlarından dərs demək istəyirsə,...” AÇIQLAMA

Elman Nəsirli: “Almaniya dünyaya İnsan hüquqlarından dərs demək istəyirsə,...” AÇIQLAMA

"Hesab edirəm ki, əgər Almaniya digər dövlətləri İnsan və hüquq azadlıqlarının pozulmasına görə ittiham edirsə, ilk növbədə buna onun mənəvi haqqı çatmalıdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli demokratik dəyərlərdən dəm vuran Almaniyada polisin etirazçılara qarşı qeyri-etik rəftarına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Almaniyanı demokratiyanın beşiyi hesab etmək o mənada düzgün olmazdı ki, bu dövlət həm də faşizmi dünyaya gətirən ölkələrdən biridir: "Məsələn, Almaniya prezidenti Kristian Vulf ittiham olundu və bu sübuta yetirildiyi halda, o istefaya getməyə məcbur oldu. Təsəvvür edin, əgər Almaniya prezidenti yüksək səviyyəli korrupsiya ilə məşğul olubsa, indi görün digər yerlərdə vəziyyət nə yerdədir? Bununla belə Almaniyanın keçmiş kansleri Helmud Kol həbs olunmaq təhlükəsi ilə üz-üzə idi. Əsas səbəb də o idi ki, H. Kol seçki prosesində qeyri-qanuni yollarla pullar mənimsəyib və qara kassalardan istifadə edib. Nəticədə isə bu da sübuta yetirildi. Heç kimin ağlına belə gəlmirdi ki, 1982-ci ildən 1998-ci ilə qədər yəni, 16 il dörd dəfə kansler seçilmiş və Almaniyanın birləşdirilməsinə nail olmuş bir şəxs H. Kol həbs oluna bilərdi. Sadəcə olaraq onun xidmətləri nəzərə alınaraq, istisna hal kimi bildirilirdi ki, 2006-cı ildə vəzifəli şəxslərin rüşvət alması faktı 9 min 563 dəfə qeydə alınıb. Bu hələ həmin anların görünən hissəsidir. Bu yaxınlarda Almaniyanın Köln şəhərində zibilin utilizasiyası zavodu ilə bağlı məsələlərdə xeyli pul mənimsəmələri faktı ortaya çıxdı".

E. Nəsirli deyir ki, hətta iş o yerə çatıb ki, BMT-nin müvafiq qurumu Almaniyada korrupsiya, İnsan hüquqları ilə bağlı məsələlərdə ciddi pozuntuların olması haqqında məlumatlar yayıb: "Son günlər xüsusilə də anti-qlobalistlərin Frankfurt şəhərində Avropa İttifaqının Mərkəzi Bankını əhatəyə alması və burada polisin insanlara qarşı kobud rəftarı qeyri-adekvat idi. Biri var, insanları hadisə yerindən uzaqlaşdırmaq, biri də var ki, məqsədyönlü şəkildə polisin həmin insanları dəyənəklə şikəst etməsi. Bununla belə, ən dəhşətlisi ondan ibarətdir ki, bu gün Almaniya dünyaya İnsan hüquqlarından dərs demək istəyirsə, ilk növbədə özlərinə nəzər salsınlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, artıq Almaniyada neofaşistlər çox açıq şəkildə özlərinin yürüşlərini keçirirlər. Bu gün Almaniyada elə bir proses gedir ki, əgər bunun qarşısı alınmasa və bu proses öz məntiqli sonluğuna gəlib çatsa, hesab edirəm ki, Üçüncü Dünya müharibəsi labüdləşə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə