Bakıda keçirilən "Azərbaycan-ABŞ: Gələcəyə baxış" formunda Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: "Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzunuda sessiya keçirilir. SİA-nın verdiyi xəbərə görə, sessiyanın moderatoru Milli Məclisin deputatı Asim Mollazadədir.
Sessiyada çıxış edən ABŞ-ın İrs Fondunun Rusiya və Avrasiya Araşdırmaları və Beynəlxalq Energetika Siyasəti üzrə aparıcı elmi tədqiqatçısı Ariel Koen bildirib ki, respublikaçılar və demokratlar Azərbaycanın suverenliyini dəstəkəliyir: "Azərbaycan 11 sentyabr hadisələri zamanı ABŞ-ın dostu olduğunu doğruldub. Soyuq müharibə başa çatıb. Amma bunu Rusiyada bəzi qüvvələr anlamır. Yadımdadır, ilk vaxtlardan Rusiya "Əsrin Müqaviləsi"nə qarşı çıxıb. Amma biz artıq bu düşüncədən uzaqıq. Elə o vaxt da Rusiya tərəfinə bildirmişik ki, Azərbaycanda çıxan neft Rusiyanın deyil. Hesab edirəm ki, Cənubi Qafqazın təhlükəsizliyi çox vacibdir. Sülh və sabitlik olmadan çiçəklənən və demokratik cəmiyyət yaratmaq çox çətindir. Bu gün dünyada terrorçuluq çox çətin problemdir".
A.Koen vurğulayıb ki, ABŞ Cənubi Qafqaz kimi strateji bölgəni tərk etmək niyyətində deyil: "Bu gün Azərbaycan həm şimaldan, həm də cənubdan təzyiqlərlə üzləşir. İran ərazi iddiaları irəli sürür. Yenidən Azərbaycan ərazilərini özünə birləşdirmək üçün addımlar atmağa çalışır. İran məsələsinə gəlincə isə, Azərbaycanın qorunması üçün səylərimizi artırmalıyıq".
Çıxışı zamanı A.Koen qeyd edib ki, ABŞ tezliklə 907-ci düzəlişi dayandırmalıdır: "Hesab edirəm ki, 907-ci düzəlişi dayandıraraq dostlarımızı müəyyən etməliyik.
Çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan regional təhlükəsziliyi qlobal təhlükəszilikdən ayrı düşünə bilməz: "Regionda təhlükəsizliyə qarşı təhdidlər işğalçı Ermənistandan tərəfindən edilir. Azərbaycan təhlükəsizliklə bağlı çağırışlar edir. Təəsssüf ki, bu çağırışlara məhəl qoyan yoxdur. Hər kəs dövlətlərin ərazi bütovlüyündən danışır, amma real iş yoxdur. Bəzən beynəlxalq tədbirlərdə iştirak edərkən belə bir sualla qarşılaşırıq ki, Azərbaycan nə üçün Ermənistanı blokadada saxlayır? Belə düşünürəm ki, bu bir növ Ermənistanın təbliğatının nəticəsidir. Ermənistan blokadada yaşayır. Bu sual təəccüb doğurmamalıdır. Dünya tarixində belə bir praktika yoxdur ki, işğala məruz qalan işğal edənlə bütün kommunikasiyaları açıq saxlasın. Hesab edirəm ki, Ermənitan blokadada qalmalıdır. Azərbaycan və Ermənistan Avropa Şurasının və BMT-nin üzvüdür. Amma Ermənistan prezidenti Avropa Şurasının tribunasından bəyan edir ki, Azərbaycan torpaqlarını işğal edərək, Xocalıda qətliam törətmişik. Ermənistan prezidenti belə söz deyir və buna dünya ictimaiyyəti səssiz qalırsa, sadəcə olaraq sözüm yoxdur. Bu da məlumdur ki, Dünya Beynəlxalq hüququnun norma və prinsipləri işləmir. Belə ki, ikili standartlar mövcuddur. ABŞ Azərbaycanın strateji tərfdaşı sayılır. Amma bu tərəfdaşlıq hələ ki bəyanatlardan o tərəfə keçmir. ABŞ bu məsələdə Azərbaycana dəstək olmalıdır. Azərbaycan sadəcə olaraq beynəlxalq hüququn norma və prinsiplərinin işləməyini tələb edir".
Z.Əsgərov sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı qane etmir: "Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün 1993-cü ildə Minsk qrupu yaradılıb, amma nəticə yoxdur. Çünki, ədalət yoxdur. İşğal olunanla işğal edəni eyni tərəzi ilə ölçürlər. Azərbaycanın torpaqlarının işğalına göz yumulur. ABŞ-lı dostlarımız bunu bilsinlər".
Milli Məclisin sədrinin I müavini bildirib ki, Rusiya işğalçı Ermənistanla hərbi müqavilə imzalayıb: "Eyni zamanda Minsk qrupunun həmsədridir. Cavabsız qalan suallarımız çoxdur. Bu barədə düşünməliyik. Dağlıq Qarabağ münaqişəsinin həlli dünyanın problemidir".
Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Brenda Şaffer isə çıxışında bildirib ki, Qafqaz kritik nöqtədir: "Azərbaycan ABŞ-ın milli maraqlarına uyğun olan, regionda unikal ölkədir. Eyni zamanda İran məsələsində müstəsna rol oynaya bilər. İran çalışır ki, Azərbaycana təzyiq etsin. Amma bu cəmiyyətin rəhbərlərinin özləri elə azərbaycanlıdır".
B.Şaffer vurğulayıb ki, ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu ölkəyə tərəfdaş lazımdır: "Konqresmenlərə ev tapşırığı verirəm. Konqres Dağlıq Qarabağa yardım edir. Şəxsən şahidi olmuşam ki, Dağlıq Qarabağda heç kim yaşamır. ABŞ isə işğal olunmuş əraziyə yardım ayırır. Bu yardımlar vasitəsi ilə ermənilər yalançı yaşayış məntəqələri yaradır. Konqresmenlər bu yardımların dayandırılması üçün çalışmalıdır. Həmin yardımları ABŞ vətəndaşlarına ayırsanız, daha yaxşı olar".
Azərbaycanın ABŞ-dakı ikinci səfiri olan Yaşar Əliyev isə bildirib ki, Azərbaycan BTC boru kəməri vasitəsilə İsrailin neftə olan tələbatının 30 faizini ödəyir: " 2014 cü ildə ABŞ qoşunları Əfqanıstandan çıxarkən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə bu ölkəni tərk edəcək. Biz Əfqanıstan əməliyyatları ilə sadiqliyimizi ABŞ-a nümayiş etdirmişik".
Sessiyanın sonunda millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycan ABŞ-ın milli maraqlarına uyğun olan ölkədir: "ABŞ Azərbaycana yardım etmək istəyirsə, milli maraqlarınıza sadiq qalın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB