Ştefan Füle müxalifəti necə məyus etdi?

Ştefan Füle müxalifəti necə məyus etdi?

Mayın 2-4-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin keçirdiyi görüşlər və çıxışları, mətbuata açıqlamaları yerli KİV-lərin diqqət mərkəzində oldu. Cənab Füle ümumi şəkildə bildirdi ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş sayır və münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır. Ş.Fülenin sözlərinə görə, iki tərəf arasında münasibətlər qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan tutmuş, enerji, təhsil və mədəni sahələrdə əməkdaşlığın inkişafına qədər bütün spektri əhatə edir. Komissar Aİ-nin öz Şərq qonşuları ilə əlaqələrə böyük önəm verdiyini, "Şərq tərəfdaşlığı" proqramının azərbaycanlılar və avropalılar arasında münasibət qurulmasına imkan yaratdığını vurğulayıb. Ş.Füle Aİ-nin Azərbaycandan qarşıdakı prezident seçkilərinin ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə uyğun keçirilməsini gözlədiyini bəyan edib.

Maraqlıdır ki, Ş.Fülenin rəsmi instansiyalarda keçirdiyi görüşlər barədə ətraflı məlumat verilsə də, mayın 3-də bir sıra partiyaların rəhbərləri ilə baş tutmuş görüş haqqında mətbuata olduqca məhdud informasiya sızdlırıldı. ALP sədri Əvəz Temirxanın APA-ya verdiyi məlumatda bildirdi ki, görüşdə o, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "Ümid" Partiyasının sədri İqbal Ağazadə və "El" hərəkatının sədri Eldar Namazov iştirak ediblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunub. AXCP sədri Ə.Kərimli isə deyib ki, Ş.Füle ilə daha geniş spektri əhatə edən məsələlər müzakirə olunub.

Müxalifət mənbələrindən əldə etdiyimiz məlumata görə, görüşdə müxalifət nümayəndələri ciddi cəhdlə Ş.Fülenin bir sıra məsələlərə aydınlıq gətirməsini istəyiblər. Lakin cənab Fülenin cavabları nəinki onların gözləntilərini doğrultmayıb, hətta əməlli- başlı məyus edib. Məsələn, müxalifət nümayəndələrinin nəyə görə Aİ-nin onları kifayət qədər dəstəkləmədiyi sualına cavab olaraq, Ş.Füle bildirib ki, onlar dar nüfuzlarını Aİ-nin hesabına genişləndirməyə çalışmamalı və bu işdə Avropadan dəstək gözləməməlidirlər. Müxalifət partiya sədrlərindən biri isə "Avropa qonşuluğu barometri" qrupunun keçirdiyi sorğunun nəticələrindən narazılığını ifadə edib və bildirib ki, sorğuda əks olunmuş rəqəmlər guya reallığı əks etdirmir. O, bu rəqəmlərin haradan götürüldüyünü soruşub. Ş.Füle isə onlara bildirib ki, "Avropa Qonşuluğu Barometri" Aİ-nin mötəbər qurumudur və nəticələrin şübhə altına alınması heç kimə başucalığı gətirməz. Üstəlik, cənab Füle "siz Aİ-ni rüşvətdə təqsirləndirirsiniz?" deyə əsəbiləşib. Maraqlı məqamlardan biri də müxalifətçilərin nəyə görə ötən illə müqayisədə bu il Aİ-nin Azərbaycan haqqında mənfi bəyanatlarının sayını azaltması ilə maraqlanması olub. Onlar soruşublar ki, hansı səbəbdən Aİ Azərbaycanı daha çox tənqid etmir. Buna cavabında Ş.Füle bildirib ki, Aİ həmişə bu və ya digər məsələlərlə bağlı öz mövqeyini ifadə edib, lakin mənfi bəyanatlara əsas olmayıb. O, müxalifətə öz gücünə reytinq, nüfuz qazanmağı tövsiyə edib./publika/

Bütün xəbərlər Facebook səhifəmizdə