“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimatı keçirilir FOTO

“Heydər Əliyev mənim həyatımda” kitabının təqdimatı keçirilir FOTO

Bu gün "Azərbaycan" qəzeti redaksiyasının hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın iki cilddən ibarət yeni variantının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatları Fəttah Heydərov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Yaqub Mahmudov, Bəxtiyar Sadıqov və digər hökumət nümayəndələri iştirak ediblər.

"Heydər Əliyev mənim həyatımda" ikicildliyinin məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tarix elmləri doktoru, professor Əli Həsənovun redaktoru olduğu kitabın buraxılışa məsulu "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, tərtibçisi isə qəzetin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlidir.

Tədbiri açan YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin hər bir azərbaycanlının Ümummilli Liderin xatirəsinə dərin hörmətinin təzahürü olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, xalqımız yubiley tədbirlərini yüksək səviyyədə qeyd etməklə hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən və müstəqil Azərbaycanın inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin müdrik siyasətinə öz dəstəklərini bildirirlər. Azərbaycandakı bugünkü inkişafdan, sabitlikdən bəhrələnən, gələcəyinə böyük ümidlərlə, inamla baxan, özünə inanan hər bir azərbaycanlının qəlbində ümummilli lider Heydər Əliyevin dərin izlərinin olduğunu bildirən Əli Əhmədov bu fikirlərin ifadəsinin ikicildlikdə əksini tapdığını vurğulayıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəşrdəki yazıların Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini əks etdirdiyini vurğulayıb. Əli Həsənov Ulu Öndərin həyat və fəaliyyətini geniş işıqlandıran belə bir kitabın ərsəyə gəlməsinə görə nəşrin məsləhətçisi akademik Ramiz Mehdiyevə, ikicildliyin redaktoru professor Əli Həsənova, buraxılışa məsul olan "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova və digər əməyi keçənlərə dərin təşəkkürünü bildirib. Kitabda 74 müəllifin fikirlərinin yer aldığını bildirən Baş nazirin müavini deyib ki, dünyanın bir nömrəli siyasətçisi Heydər Əliyev ilə yaxın münasibətdə olduğuma görə özümü xoşbəxt hiss edirəm.

Ümummilli liderin çoxşaxəli, zəngin siyasi fəaliyyətindən bəhs edən Əli Həsənov dahi şəxsiyyətin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra xalqımızın amansız müsibətlərə məruz qaldığını, Ermənistandan 250 mindən artıq azərbaycanlının sürgün edildiyini, ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın doğma yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb. Natiq 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin bölünmək təhlükəsindən qurtularaq sürətli inkişaf yoluna çıxarıldığını vurğulayıb. Bildirilib ki, dahi rəhbərin müdrik siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan MDB məkanında ilk olaraq keçid dövrünü başa vurmuş, gələcək inkişaf strategiyasının əsaslarını formalaşdırıb.

Ulu öndər Heydər Əliyev kimi görkəmli dövlət xadiminə həsr edilmiş belə bir kitabın hazırlanması çox çətin, məsuliyyətli, lakin şərəflidir, - deyən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ümummilli Liderin hər bir azərbaycanlı üçün nümunəvi şəxsiyyət olduğunu bildirib. Ümummilli Liderin bütün ömrünü həyatı qədər sevdiyi, ürəkdən bağlı olduğu Azərbaycana həsr etdiyini vurğulayan Fəttah Heydərov Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi qısa müddətdə ittifaq respublikaları içərisində aparıcı yerə çıxardığını diqqətə çatdırıb. Heydər Əliyev Azərbaycanı tanıtmış və müstəqil dövlətimizin əsasını hələ respublikamıza rəhbərliyinin birinci dövründə formalaşdırmışdı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünün yarandığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 20 min vətəndaşımızın şəhid düşdüyünü diqqətə çatdıran Azərbaycan Ağsaqqallar Şurasının sədri Ulu Öndərin ölkəmizin ağır vaxtında hakimiyyətə gələrək xalqımızı fəlakətlərdən qurtardığını bildirib. Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinə görə Ulu Öndərin dərin izləri və əbədiyaşar xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayacaqdır.

Dahi rəhbərin 90 illik yubileyi münasibətilə ikicildliyin hazırlanmasına görə təşəkkürünü bildirən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov təqdimatın respublikamızda və dünyanın bir çox ölkələrində yubiley tədbirlərinin keçirildiyi vaxtda işıq üzü görməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının çox böyük olduğunu vurğulayan rektor Ümummilli Liderin 1970-1980-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə ən böyük addımlarından birinin gənc kadrların hazırlanması olduğunu vurğulayıb. Həmin dövrdə yüksək ixtisaslara yiyələnmək üçün Moskvaya, Leninqrada, Kiyevə və SSRİ-nin digər nüfuzlu universitetlərinə göndərilən gənclərimiz bu gün Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində, diasporumuzun formalaşmasında və inkişafında fəal iştirak edirlər. Bu, məhz Ulu Öndərin uzaqgörən siyasətinin aşkar göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə bir çox sahələrlə yanaşı, təhsil və səhiyyəyə də nəzarət etdiyini vurğulayan Əhliman Əmiraslanov həmin vaxt keçmiş ittifaqın bir çox bölgələrində tibb mərkəzlərinin yaradılmasını məhz Ulu Öndərin adı ilə bağlı olduğunu demişdir. Bildirilmişdir ki, Azərbaycanda nəsillər dəyişsə də bu dahi şəxsiyyətin xatirəsi daim yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, respublikamızın inkişaf strategiyasının yaradıcısıdır, - deyən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizin vahid inkişaf yolunu müəyyənləşdirən Ümummilli Liderin xalqı qalibiyyətli gələcəyə aparan siyasətçi olduğunu bildirib. Qeyd olunub ki, ikicildlik bu möhtəşəm şəxsiyyətin bütün xüsusiyyətləri ilə tam ümumiləşmiş şəkildə təqdim olunmasına, Ulu Öndərin siyasi istedadının geniş işıqlandırılmasına xidmət edir.

Kitabın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayan akademik Ulu Öndərin Azərbaycanın həyatında sınaqlardan çıxmış siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, bizim əsas vəzifəmiz bu siyasətə məsuliyyətlə, sədaqətlə xidmət etməkdir.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov rəhbərlik etdiyi qurumda 2008-ci ildən "Əliyevşünaslıq" şöbəsinin fəaliyyət göstərdiyini, Ulu Öndərlə bağlı ikicildliyin nəşrə hazırlandığını diqqətə çatdırıb. Y.Mahmudov Tarix İnstitutu tərəfindən dahi şəxsiyyətlə bağlı bir sıra monoqrafiyaların yazıldığını, Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasında kitabın hazırlandığını vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığını vurğulayan Tarix İnstitutunun direktoru qeyd etmişdir ki, dünya tarixinin dahi azərbaycanlısı – Ulu Öndər hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

Ulu öndər Heydər Əliyevin qeyri-adi, xarizmatik şəxsiyyət olduğunu bildirən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dahi şəxsiyyətin onunla təmasda olan hər bir insanı valeh etdiyini diqqətə çatdırıb.

Kitabla bağlı məlumat verən Bəxtiyar Sadıqov redaksiya tərəfindən 2003-cü ildə "Heydər Əliyev dünyanın gözü ilə" kitabının nəşr olunduğunu bildirib. Qəzetin "Azərbaycan qədər əbədi" silsiləsindən nəşr etdirdiyi və xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi bu kitab səkkiz il əvvəl işıq üzü görən eyni adlı kitabın təkmilləşdirilib və genişləndirilmiş ikicildlik nümunəsidir. O, kitabın ərsəyə gəlməsinə görə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, professor Əli Həsənova, əməyi keçən bütün şəxslərə, eləcə də tədbirin təşkilinə görə YAP rəhbərliyinə təşəkkürünü bildirib.

"Heydər Əliyev mənim həyatımda" kitabının hər iki cildi 7 fəsildən ibarətdir. "Ən böyük azərbaycanlı", "Həqiqət qədər sadə", "Böyük yolun başlanğıcı", "Birinci şəxs", "Missiya", "Əbədi müasirimiz", "Əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider", "Heydər Əliyev dünyanın gözü ilə", "Tarix yaradan şəxsiyyət", "Azərbaycanın rəmzi", "Mərhəmət və alicənablıq mücəssəməsi", "Ən yaxın dostumuz, ən böyük xeyirxahımız", "Sənə borcluyuq", "Milyonların taleyi həyatında əks olunan insan" adlanan bu fəsillərdə Heydər Əliyevin sovet illərində və müstəqillik dövründə müasiri olmuş, bir yerdə işləmiş, xeyir-duasını almış, alicənablığını görmüş, mərhəmətini hiss etmiş sadə insanların, sənət adamlarının, dövlət xadimlərinin, siyasətçilərin, idmançıların, ümumiyyətlə taleyinə Ümummilli Lideri şəxsən tanımaq kimi gözəl bir qismət yazılmış insanların maraqlı xatirələri, ulu öndərin görkəmli dövlət xadimi kimi siyasi-ictimai və dövlətçilik fəaliyyətinə dair fikirləri məqalələr şəklində toplanıb.

Əbədiyaşar liderimizin ölməz ruhuna və xatirəsinə böyük ehtiramın nümunəsi olan "Heydər Əliyev mənim həyatımda" ikicildliyi ulu öndərin irsinin tədqiqatçıları, eləcə də geniş oxucu kütləsi üçün dəyərli töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə