Politoloq: “İranın Azərbaycana qarşı indiki siyasəti daha təhlükəli məzmuna malikdir”

Politoloq: “İranın Azərbaycana qarşı indiki siyasəti daha təhlükəli məzmuna malikdir”

"Dağlıq Qarabağda erməni və Qarbağ hərbçiləri ciddi toqquşmanın olması ilə bağlı məlumatlar var". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Məzkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

M.Əhmədoğlu deyib ki, Ermənistandan yüksək çinli hərbçilərin DQ-a tez-tez səfər etməsi, İrəvandan psixoloqların dəvət olunması DQ-dakı orduya psixoloqların təyin olunması bu ehtimalı gücləndirir: "Ermənistanın müdafiə naziri Seyran Ohanyan növbəti dəfə DQ-da oldu. DQ-da hərbi təlimlər keçirildi. Azərbaycan aviasiyası qoşunların təmas xətti üzərində uçuşlar etdi. DQ ermənilərinin adından yayılan məlumatlara görə, Azərbaycan təyyarələri qoşunların təmas xəttinin üzərində yox, ondan 20 km kənarda uçuşlar həyata keçiriblər".

İran-Azərbaycan münasibətlərinə də toxunan mərkəz sədri bildirib ki, İranın Azərbaycana qarşı indiki siyasəti yeni, daha təhlükəli məzmuna malikdir: "Bu təhlükəni bəlli olan səbəblərlə yanaşı iki yeni səbəb şərtləndirir: Prezident seçkiləri ərəfəsində olan İranın seçkiləri təşkil etmək və onu keçirməklə bağlı problemləri var. Seçkiyə 1.5 ay vaxt qalmasına baxmayaraq, İranın Daxili İşlər Nazirliyi seçki ilə məşğul olacaq məsullarını təyin etməyib. Eyni zamanda İran rəhbərliyi seçkilərə xaricdən müdaxilə gözləyir. Onların fikrincə, əsas müdaxilə İran-Azərbaycan sərhədini aşaraq gələcəkdir. Eləcə də rəsmi Bakının İrandakı azərbaycanlılara bu və ya digər formada seçki ilə bağlı göstərişlər verəcəyindən xoflanırlar. İranın ehtimalına görə, İrandakı seçkilər dövründə ABŞ və İsrail Azərbaycanı İrandakı prezident seçkilərinə qarışmağa təhrik edəcəklər. Azərbaycanın xarici işlər naziri tarixdə ilk dəfə olaraq rəsmi şəkildə İsrailə səfər etdi. Azərbaycan xarici işlər nazirinin həm də Fələstinə səfər etməsi İran tərəfi üçün maraqlı deyil".

İran antiazərbaycan təbliğatını detallaşdırıb və praktiki müstəviyə keçirib. Həmsərhəd ərazilərindəki əhalinin böyük əksəriyyəti ilə təkbətək görüşlər keçirilir, adamların kənddə və ya rayonda nüfuz dairələri müəyyənləşdirilir, İranın əleyhinə olan ziyalılar həmin rayonlarda nüfuzdan salınır. Yalnız İlham Əliyevə qarşı açıq mətnlə təbliğat aparılmır. Hərhalda, bu da müəyyən vaxta qədərdir. İranın Azərbaycanla münasibətində dəyişən parametrlərdən biri də iqtisadi inkişafla bağlıdır. İran həqiqətən Azərbaycanla iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Buna görə İranın Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməyə ehtiyacı var".

Bütün xəbərlər Facebook səhifəmizdə