Azərbaycan Prezidenti Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti yol ilə bağlı məlumatları və fotoşəkilləri əks etdirən stendə baxdı.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi son illərdə daha geniş vüsət alıb. Hazırda respublikamızda kənd yollarının inşası da diqqət mərkəzindədir. Bu çərçivədə Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa çatdırılıb.
Məlumat verildi ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılıb. Bu yol 13 min nəfər əhalinin yaşadığı altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılıb. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır.
Prezident İlham Əliyev burada sakinlərlə görüşdü, yeni yolun açılışı münasibətilə onları təbrik etdi.
Sakinlər bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə etdi.
Prezident İlham Əliyev Xilmilli kəndinin sakinləri ilə də görüşdü, onların həyat şəraiti ilə maraqlandı.
Sonda xatirə şəkilləri çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB