Bakıda “The Business Year” jurnalının təqdimatı keçirilib YENİLƏNİB - FOTOLAR
Bu gün Bakıda Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalının 2013-cü ildə Azərbaycanla bağlı buraxılışının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimatda jurnalın regional direktoru Betül Çakaloğlu, jurnalın nümayəndəsi Jason Nash, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Sənaye və energetika naziri Natiq Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev və digər rəsmi qonaqlar, media nümayəndələri iştirak ediblər.
"The Business Year" jurnalın ölkə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilmiş növbəti buraxılışı barədə iştirakçılara məlumat verib. Bildirib ki, Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib: "Prezident İlham Əliyev "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb".
Daha sonra PA rəsmisi Əli Həsənov tədbirdə çıxış edərək jurnalın ölkəmiz üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın inkişaf etdiyi dövr çox maraqlı dövrə təsadüf edir: "Əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan dünyanın əksər ölkələrinin böhran keçirdiyi bir dövrdə iqtisadi cəhətdən sürətlə inkişaf edir. Dünya ölkələri elə bir vəziyyətə gəlib ki, beynəlxalq hüquq normalarından kənara çıxaraq insanların banklara yatırdıqları sərmayələrə göz qoyur, təqaüdçülərin maaşlarını kəsir, sosial layihələrə yönəltdikləri proqramları dayandırırlar. Avropada artıq elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır".
Əli Həsənov həmçinin qeyd edib ki, bu il Azərbaycan üçün çox uğurlu və əhəmiyyətlidir. Belə ki, Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzun qüdrətinin artdığını göstərir.
Daha sonra Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Sənaye və energetika naziri Natiq Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev çıxış edərək jurnalın ölkəmiz üçün oynayacağı mühüm roldan danışıblar.
Sonra jurnalın təmsilçisi Jason Nash çıxış edərək deyib ki, bu Azərbaycan haqqında yazılanların bir hissəsidir. Qeyd edək ki, "The business year" jurnalının xüsusi buraxılışında Azərbaycandakı biznes şərtlərinə dair geniş məlumat dərc olunub. Bundan əlavə, jurnalda ölkə ərazisində fəaliyyət göstərən şirkətlər haqqında məlumatlar yer alıb.
Tədbirin sonunda isə "The Business Year" jurnalı Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu mükafatlandırıb. Mükafat Əli Həsənova ölkənin ictimai-siyasi həyatında oynadığı rola, Azərbaycanın iqtisadi inkişafını xarici ölkələrdə yüksək səviyyədə təbliğ etdiyinə görə verilib.
Qeyd edək ki, jurnal Azərbaycan Prezidenti İlham Əliyevi 2013-cü ildə dünyada "İlin adamı" elan edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB