Milli Məclisin Sədri Oqtay Əsədov Kanada İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, Oqtay Əsədov ölkəmizin Kanada ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Bu səfərin qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycanda bir çox Kanada şirkəti uğurla fəaliyyət göstərir və iqtisadi əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur.
Oqtay Əsədov Kanada parlamentində Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılmasına görə təşəkkürünü bildirdi və parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.
Milli Məclisin Sədri qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Münaqişənin hələ də öz həllini tapmamasının səbəblərini açıqlayıb.
Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Kanada İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən böyük quruculuq işlərinin şahidi olduqlarını deyib.
Qonaq ölkəmizə səfərlərindən məmnunluğunu bildirərək Azərbaycanın regiondakı mövqeyini, dünyəvi, demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması üçün geniş imkanlar var və bu baxımdan qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Rüstəmxanlı, qrupun üzvü deputat Asəf Hacıyev, ölkəmizin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB