"Əgər hər hansı bir təşkilat özündə əxlaq normalarını, milli-mənəvi dəyərləri, dövlətinə bağlılığını təcəssüm etdirmirsə, buna heç bir təşkilat adı vermək olmaz. Çox təəssüf ki, ölkəmizdə çox az sayda olsa da "NİDA"çılar kimi təşkilatlar var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov "NİDA"çıların xoşagəlməz hərəkətlərinə münasibət bildirərkən deyib.
S.Orucov bildirib ki, siyasi fəaliyyətlərinə görə həmin təşkilatın nümayəndələri nə təqib olunublar, nə də izləniliblər: "Bu da təbii ki, bizim demokratik dövlət olduğumuzu nümayiş etdirir. Bəzən bu insanları efirlərdə görəndə çox təəccüb hissi keçirirəm. Məsələn, Emin Millidi, nədi guya iddia edir ki, Avropada olduğu üçün onu həbs etməyiblər. Emin Milli, sənə sual verirəm, sən kimsən axı? Sən özünü "dağın başına" qaldırmaqla deyil. "NİDA"çılardımı sənin tərəfdaşların? Narkotik qəbul edən, "Molotov kokteyli" hazırlayanlardır sənin arxanda dayananlar? Emin Milli bir tərəfdən milli-mənəvi dəyərlər, xalq sevgisindən danışır, digər tərəfdən isə bildirib ki, mən Almaniyadayam və alman polisi məni qoruyur. Mən ona demək istəyirəm ki, sənin onsuz da gənclər arasında nüfuzun sıfırdır. Bu məsələlərlə bağlı heç olmasa, sus! Sus ki, səni alim bilsinlər. Emin Milli, sən utan, yerə gir ki, hər hansı xarici, Azərbaycanı istəməyən qüvvələrin maşasına çevrilmisən".
YAP GB-nin sədri hesab edir ki, Emin Milli zamanla öz səhvlərini dərk edəcək: "Təbii ki, "NİDA"çılar da bizim vətəndaşlarımızdır, gənclərimizdir. Biz istəmərik ki, onlar bu yola düşsünlər. Çünki onları idarə edən şəxslər anti-Azərbaycan mövqeyində dayanan insanlardır. Nə qədər bu insanlar özlərinə siyasi don geydirməyə çalışsalar da, reallıqlar, faktlar, qanun və hüquqlar ortalıqdadır. Əgər hər hansı bir insanın evindən partlayıcı maddə çıxırsa, dərhal bunun qarşısı alınmalıdır. Biz Azərbaycanın Daxili İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk ki, ölkəmizdə terror hadisəsi törətmək istəyənlərə qarşı bu kimi mübarizə aparırlar. Biz Azərbaycanda heç vaxt xaosa, anarxiyaya imkan verməyəcəyik. Ölkə gəncliyi də bu gün düz yolda irəliyə doğru addımlayır. Azərbaycanın savadlı, qabiliyyətli gəncləri dövləti, vətəni üçün çalışırlar. Axı dövlət, millət sevgisi bundan başqa necə ola bilər? Mən onların tutduqları mövqeləri kəskin sürətdə pisləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB