İlham Əliyev: “Ermənistan “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı bəyanata məhəl qoymur”

"Ermənistanın Azərbaycana təcavüzü uzun müddətdir davam edir. Bu təcavüz nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə ən böyük təhlükə olmaqla yanaşı, həm də regionun inkişafı üçün ciddi maneədir". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Monteneqronun "Pobjeda" qəzetinin baş redaktoru Srdan Kusovaça müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, xalqımızın tarixi, dini abidələri, qədim maddi mədəniyyət nümunələri, qəbiristanlıqlar tamamilə məhv edilib. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar prosesində hər hansı irəliləyişə hələ də nail olunmayıb, təmas xəttində ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması halları baş verir və bu da Azərbaycanın həm hərbiçiləri, həm də mülki əhalisi arasında itkilərə səbəb olur.

Prezident diqqətə çatdırıb ki, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində "status-kvo"nun qəbuledilməzliyi ilə bağlı verdikləri bəyanata Ermənistan indiyə qədər məhəl qoymur: "Hesab edirəm ki, beynəlxalq birlik bu münaqişənin ədalətli həll olunması istiqamətində səylərini daha da artırmalıdır. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Yalnız bundan sonra regionda uzunmüddətli sabitlik və əməkdaşlığa nail olmaq olar."

Bütün xəbərlər Facebook səhifəmizdə