"Nazir və ya məmur övladı hüquqları poza bilməz" MÜNASİBƏT

"Bu, cəmiyyətə verilən güclü mesaj idi. Bu bir daha onu göstərdi ki, dövlət başçımız Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və onların azadlığının təmin olunması üçün hər bir kəsi məsələnin həllinə çağırır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığına qarşı söylədiyi sərt bəyanata münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, dövlət başçımız cəmiyyətdə mövcud olan neqativ halların ardan qaldırılması üçün hər kəsin öz əqidəsini ortaya qoymasını tələb edir: "Bu, belə də olmalıdır. Dövlətimizin ali məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunmasıdır. Bu baxımdan da hər hansı bir nazir və ya məmur övladının Azərbaycan vətəndaşlarının hüquqlarını pozması yolverilməzdir".

Millət vəkili Rəbiyyət Aslanova onu da qeyd edib ki, prezident ciddi şəkildə öz sözünü dedi: "İnanıram ki, lazım olan hər bir kəs öz dərslərini götürəcək və bu qərardan öz nəticələrini çıxaracaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə