Bakı Metropoliteninin rəisi: "Əkrəm Əylisli erməni südü əmib" MÜNASİBƏT

"Gülərin nənəsi erməni olub"

"Hər bir azərbaycanlı kimi, mən də Əkrəm Əylislinin "Daş yuxular" əsərinin yazılmasına təəssüflənirəm". SİA-nın məlumata görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov "press24.az" saytına müsahibəsində deyib.

"Əkrəmlə uzun illərdir tanışam. Yaxşı yadımdadır, hələ 1988-ci ildə azərbaycanlılarla ermənilər arasında məlum münaqişələr başlayanda Ziya Bünyadov qəzetə açıqlama vermişdi ki, ermənilərin yeganə fikri Qarabağı almaqdır. 1989-cu ildə hadisələr ermənilərin xeyrinə cərəyan etməyə başlayanda Əkrəm Əylisli söylədi ki, erməni təbliğatı bizimkindən güclüdür, onlar bu məsələdə bizdən daha fəaldırlar və mən o millətin oğlu olsaydım, bununla fəxr edərdim. Həmin söhbətdən illər keçdi. Elə bir zaman gəlib yetişdi ki, Azərbaycan bütün sahələrdə Ermənistanı geridə qoydu",- deyə T. Əhmədov fikirlərinə əlavə edib.

Bakı Metropoliteninin rəisi vurğulayıb ki, Əkrəm Əylislinin belə bir məqamda çıxıb Naxçıvanın Ermənistana məxsus olmasını söyləməsi onun naqisliyini üzə çıxardı: "Bilirsiniz, Əkrəm özü deyir ki, o, anasını körpə olanda itirib və başqa uşaqların südünə şərik çıxıb. Görünür, həmin vaxt Əkrəm Əylisli erməni südü əmib. O, minlərlə şəhidimizin ruhuna hörmətsizlik edib. Axı harda görünüb ki, erməni azərbaycanlıdan mərhəmətli olsun. Həmvətənlərimizə olmazın zülmlərini verən, insanları diri-diri torpağa basdıran, uşaqları boruya doldurub qaynaqlayan erməni deyil, bəs kimdir? Bütün bunlar faktdır. Əkrəm kimə nəyi sübut etmək istəyir?! Görün, bu insan nə qədər həyasızlaşıb ki, deyir mənə "Şöhrət" və "İstiqlal" ordenlərini Heydər Əliyev verib, o da dünyasını dəyişdiyi üçün onları kimsə məndən ala bilməz".

Tağı Əhmədov həmçinin Gülər Əhmədovanın məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Gülər hansısa fırıldaqçıdan bir milyon pul qoparıb, gedib özünə ev alıb: "Elə indinin özündə də həmin evdə yaşayır. Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə