Sədaqət Vəliyeva: "Adi sosial hadisələrin siyasiləşdirilməsi anti-milli qüvvələrin zəifliyinin göstəricisidir"
"Bu, siyasi savadsızlıqdır"

"Bütün normal demokratik cəmiyyətlərdə bu cür xoşagəlməz sosial hadisələr baş verir və ortada cinayət faktı olursa, onun da araşdırılması ilə hüquqi nəticə əldə olunur. Məhz, insanların hansısa fərdin hərəkətlərinə reaksiya vermələri də sırf sosial mahiyyət kəsb edir. Bu səbəbdən də, burada hər hansısa siyasi mətləb axtarmaq ən azından siyasi savadsızlıqdır". Bunu YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, radikal müxalifət fəaliyyətini yalnış qarşılıqlı ittihamlar səsləndirmək və eyni zamanda xoşagəlməz hadisələr baş verdikdə onu siyasiləşdirmək əsasında qurub. Elə İsmayıllıda baş vermiş adi sosial hadisələrin siyasiləşdirilməsi də anti-milli qüvvələrin zəifliyinin göstəricisi oldu: "Radikallar Lənkəranda şəhid ailələrinin 1992-1993-cü illərin müharibəsinin məsuliyyətini daşıyan və əli qana batmış İsa Qəmbərin şəhərə daxil olmasına qarşı çıxmalarını da siyasiləşdirməklə sui-qəsd kimi qələmə verməyə cəhd göstərdilər. Həmçinin, Ştrasserə ötürdükləri "dosyelər" əsasında Azərbaycana zərbə vurmaq üçün Avropa Şurası Parlament Assambleyasında şounun düzənlənməsinə də çalışmaları da eyni qəbildəndir".

Bütün bu hadisələr bir daha göstərir ki, radikal müxalifət yalnız qəzetlərində danışmaqla məşğuldur və bütün sosial hadisələr onların iradəsindən kənar baş verir. Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan hüquqi dövlətdir və burada yalnız qanunlar işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə