Hafiz Hacıyev: “İsa Qəmbərovla bağlı əlimizdə ciddi faktlar var”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Səs TV-yə müsahibəsi
- Hafiz bəy, müxalifətin "vahid namizəd" ideyası baş tutmadı. Onların ortaq məxrəcə gələ bilməməklərinin səbəbi nədir?
- Bəzən müxalifət deyəndə, Azərbaycan cəmiyyətində, eləcə də bəzi dairələrdə sadəcə iki partiyanı nəzərdə tuturlar. Halbuki, o partiyaların ölkədə heç bir dayağı yoxdur. Sadəcə, "ağa qara deməklə" özlərini bəzi dairələrə müxalifət kimi sırıyıblar. Biz də müxalifəti təmsil edirik. Ölkəsini, xalqını sevən müxalifət var, həm də xarici qüvvələr, erməni diasporu üçün işləyən "müxalifət" var. Bu gün İsa Qəmbərov, Əli Kərimov rəhbərlik etdikləri partiyanı müxalifət adlandırırlarsa, yanılırlar. Onlar ağalarının göstərişi ilə Azərbaycanda yalnız pozuculuqla məşğul olurlar. Məsələn, son vaxtlar İsa Qəmbərovun Gürcüstan səfəri ilə, onun qaldığı oteldə ermənilərlə görüşü və digər məqamlarla bağlı bizim əlimizdə ciddi faktlar, videoyazılar var. Bu faktlar onların hansı danışıqlara getdiyini sübut edir. Əli Kərimova gəlincə, o, prezidentliyə namizədliyini irəli sürə bilməz. Çünki mənim qaldırdığım, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı ona cinayət işi açılıb. Hətta bu barədə İsa Qəmbərov öz ətrafında olan insanlar tərəfindən minnətdarlığını çatdırıb ki, "sən düz iş gördün, məndə də faktlar var. Sən onları istintaq ver ki, Əli Kərimov həbs edilsin". Yəni onların üzdə xoş davranmalarına baxmayın, əslində içlərində bir-birinin qanına susayıblar. Bu iki düşərgə arasında vahid namizəd məsələsi heç vaxt alınmayacaq. Bu gün Azərbaycanda sözünü deyən digər müxalifət partiyaları da mövcuddur. Onların içərisindən də vahid namizəd seçmək mümkün idi. Amma bu iki "lider", onları himayə edən xarici qüvvələr buna imkan vermir.
- İsa Qəmbər və Əli Kərimlinin ayrılıqda namizədliklərini irəli sürməsi, onları himayə edən qüvvələr arasında fikir ayrılığının olmasından qaynaqlanırmı?
- Onlar hər biri ayrı-ayrı dövlətə xidmət edir. Eyni qüvvələrə qulluq etmiş olsaydılar fikir ayrılığı da olmazdı. Burada İsa Qəmbərovun satıldığı başqa dövlətdir (Bunu Müsavat Partiyası Məclisinin sədri postundan və Divan üzvlüyündən istefa verən Sülhəddin Əkbər də deyib), Əli Kərimov da başqasına nökərçilik edir. Onları maliyyələşdirən dövlətlərin, qüvvələrin bir-birilə ziddiyyətləri var. Son günlər maraqlı mənzərələr müşahidə edirik. Məsələn, biz xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri görüşlərimiz olur. Onlardan bəziləri mənə açıq şəkildə deyirlər ki, İsa Qəmbərovun ünvanına dediyin sözlər haqlıdır, bəziləri Əli Kərimova qarşı qaldırdığım iddianın yanlış olduğunu, onu geri götürməyimi istəyirlər. Bunlar əslində sirr kimi qalmalı olsa da, Azərbaycan dövlətçiliyi naminə bunu deməliyik.
İsa Qəmbərov xaricə səfər etdikdən sonra, indi tamam başqa "hava çalır". İsanın ətrafında olan insanlar mənə deyirlər ki, Əli Kərimovla bağlı sənin mövqeyin doğrudur, çünki o, Elçibəyi zəhərləyib. Əli Kərimovun ətrafında olan insanlar isə deyir ki, Elçibəyin hakimiyyətdən getməsində İsa Qəmbərovun böyük rolu olub. Bir sözlə mən, siyasətdə baş ağardan adam kimi onların iç üzünü çox gözəl bilirəm. Amma təəssüf hissi ilə qeyd edim ki, müəyyən dairələr, hətta hakimiyyət içərisində olan müəyyən dairələr, hakimiyyətə yaxın olan politoloqlar "İsa Qəmbərov zühur etdi, o, Azərbaycanın yaxşı prezidenti ola bilər" kimi cəfəng fikirlər səsləndirilər. Bu məsələlər qorxuludur.
- Bu fikirləri səsləndirməkdə məqsəd nədir?
- Burada məqsəd Azərbaycanı inkişaf etdirib, bu günə çatdıran insana xəyanətdir. Hakimiyyətin çörəyini yeyib, ona xəyanət edən insanlardır. O adamlardan hazırda bəziləri həbsdədir, bir neçəsi prezident tərəfindən istefaya göndərilib. İsa Qəmbərova hakimiyyətin daxilində müəyyən qollardan yardımlar olur. Heç kəsə sirr deyil ki, mən cənab prezidenti dəstəkləyirəm və sona qədər də belə olacaq. Və mən imkan verə bilmərəm ki, ona kimsə xəyanət etsin. Gəlin baxaq görək, İlham Əliyevdən başqa ölkəni bu cür inkişaf etdirən varmı? Ola bilər hansısa idarə, qurum rəhbəri öz işinə vicdanla yanaşmır, nöqsanları çoxdur, bütün bunlarda dövlət başçısını günahlandırmaq düzgün deyil. Bir neçə gün öncə Azərbaycan dövlətinin adı korrupsiya ilə bağlı sorğuda hallandırılıb. Halbuki, həmin təşkilatın rəhbərliyində təmsil olunan adam ermənidir və İsa Qəmbərov o şəxslə Gürcüstanda görüşüb. Ümumiyyətlə, nə qədər ki, müxalifətdə Hafiz Hacıyev və onun təmsil etdiyi partiya var, Əli Kərimov və ya İsa Qəmbərov heç vaxt hakimiyyətə gələ bilməz. Heç onları "JEK" müdiri olmağa da imkan vermərəm. Azərbaycan xalqı ağıllı xalqdır və yaxşı dərk edir ki, İsa Qəmbərovdan, Əli Kərimovdan ömrü boyu prezident ola bilməz. Mən bu prezident seçkilərində bu insanların axırıncı nöqtələrinə qədər vuracağam, bununla da Azərbaycanda bu iki şəxs olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB