Sabah "Bakı Ekspo" mərkəzində 1-ci Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyim sərgisi, eləcə də Gənclər təşkilatlarının IV respublika sərgisi öz işinə başlayacaq. SİA-nın məlumatına görə, bununla əlaqədar bu gün mətbuat konfransı keçirilib. İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, bu kimi tədbirlərin Bakıda keçirilməsi ölkənin bu sahəyə olan diqqətindən və ehtiyacından irəli gəlir. Sərginin təşkilinə görə, Gənclər və İdman Nazirliyinə dərin təşəkkürünü bildirən natiq sözlərinə əlavə edib ki, bu tədbirin reallaşması hər kəsin həyatına, insanların dünyagörüşünə yeni bir nəfəs qatacaq.
Gənclər və idman nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev isə deyib ki, bu sayca ölkədə keçirilən 4-cü belə sərgidir: "İlk sərgilərimiz Bakı və Gəncə şəhərində baş tutub. "Bakı Ekspo" mərkəzində təşkil olunacaq bu səfər ki, sərgidə isə gənclərimizi bir sıra sürprizlər gözləyir. Belə ki, onlar burada həm təlimlər keçəcək həm də ki, master- klassa yiyələnəcəklər. Hesab edirəm ki, gənclərin bir fərd kimi yetişməsində bu kimi sərgilər çox mühüm əhəmiyyət kəsb edir".
"SportExpo Azerbaijan-2012" sərgisinin meneceri Orxan Əhmədovun sözlərinə görə, ilk dəfə keçirilən bu sərgi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək: "SportExpo 2012" sərgisində idman obyektlərinin təchizatı sahəsində proqressiv həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunacaq. Sərgi ekspozisiyasının böyük hissəsini isə Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutur. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkən idmanı, üzgüçülük və digər idman növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paraolimpiya komitələri də sərginin fəal iştirakçılarıdırlar.
Mətbuat konfransına jurnalistləri maraqlandıran suallarla yekun vurulub.
Qeyd edək ki, sərginin təşkilatçıları "Iteca Caspian" MMC və onun tərəfdaşı "ITE Group plc" şirkətidir. Sərgi öz işini 30 noyabr tarixində başa çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB