Ermənistandan ciddi nəsə gözləmək sadəlövhlük olar

Ermənistandan ciddi nəsə gözləmək sadəlövhlük olar

"Ermənistanın Xocalıda aeroportu işə salması danışıqlar prosesinə ciddi təsir edir". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca Ermənisitan prezidentinin belə sərsəm bəyanatlar vermə əmsalı da artacaq: "Görünür, Ermənistana böyük təzyiq var və o bu danışıqlara getməyə məcbur qalır. Xocalıya erməni uçuşlarının edilməsi ilə bağlı Azrbaycan rəhbərliyi öz mövqeyini bildirib. Azərbaycan prezidenti də regiona son səfəri zamanı bu məsələyə xüsusi diqqət ayırdı. Prezidentin çıxışının əsas qayəsini o təşkil edirdi ki, formalaşmış vəziyyətdə Ermənistanın Xocalı aeroportunu işə salması ilə bağlı addımlar atsa, bunların məsuliyyəti Ermənistan tərəfinə düşür".

Politoloq onu da bildirib ki, bu görüşün təkan ola biləcəyi ilə bağlı fikir söyləsək həddindən artıq optimist adam olmuş olarıq: "Biz istərdik ki, belə olaq, amma Ermənistan rəhbərliyinin bu günə qədər olan davranışı onu göstərir ki, bundan sonra da Ermənistandan ciddi nəsə gözləmək sadəlövhlük olar. Bu proseslər ona gətirib çıxarır ki, ATƏT-in Minsk qrupu məhz belə görüşlərin keçirilməsi regionda baş verən müharibənin qarşısını alır deyə öyünsün. Təbii bu görüşlər müharibənin qarşısını alır, amma hər zaman belə gedə bilməz. Ermənistan yeritdiyi siyasətdə dəyişiklik etməsə yəqin ki, bunun bir sonu olacaq".

XANIM NAĞIYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə