Müxalifətin son fəaliyyəti seçkilərə qədər olacaq

Əli Orucov: " İP siyasi partiya, eləcə də ciddi öhdəliklərə malik təşkilat deyil"
Müxalifətin son fəaliyyəti seçkilərə qədər olacaq

Siyasət dinamiklik tələb edir. İctimai Palata (İP) isə əvvəlcə məqsədlərini tamam fərqli bir şəkildə, yəni parlament seçkiləri, hüquqları pozulmuş namizədlərin hüquqlarının bərpası və s. bu kimi istiqamətdə reallaşdırmaq istəyib. Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mərkəzi şurasının üzvü Əli Orucov deyib.

Partiya şurasının üzvü təəssüflə bildirib ki, bu proses müxalifətin başına bəla oldu və bu düşərgənin mitinq təşkilatçısına çevrildi: "Bu isə doğru yanaşma deyil. Hər şeyi mitinq, aksiya keçirməklə həll etmək olmaz. Artıq dünya dəyişib və beləcə, fərqli baxışlar meydana gəlib. Düşünürəm ki, bu normal qarşılanmalıdır və İP-nin fəaliyyəti bu cür davam edərsə mən həmin radikal düşərgədə növbəti istefaları da gözləyirəm. Çox təəssüflər olsun ki, bu belədir və reallığı əks etdirir. İP siyasi partiya, eləcə də ciddi öhdəliklərə malik təşkilat deyil".

Ə.Orucov hesab edir ki, belə olan təqdirdə ya qurum qarşıya qoyduğu məqsədinə çatır, ya da həmin qurumun sonu yaxınlaşır: "Sözü gedən bu qurum 2 ildən çoxdur ki, fəaliyyət göstərir. Amma hələ də qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Düşünürəm ki, İP öz yerini növbəti proseslər üçün formalaşacaq qurumlara verməlidir. Bu təbii prosesdir və bunun qarşısını heç kim ala bilməz. Məlum məsələdir ki, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Hesab edirəm ki, İP-nin son fəaliyyət dövrü elə məhz seçkilərə qədər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə