Müxalifətin sabah keçirəcəyi aksiyanın özü qanunsuzdur. Biz demokratik prinsiplərə söykənən dünyəvi, qanuni bir dövlətdə yaşayırıq. Ölkəmizdə qanun hər şeydən üstündür. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, müxalifət hələ də başa düşmür ki, cəmiyyət onların düşündüyü qəbul etmir: "Bu gün cəmiyyəti düşündürən Azərbaycan dövlətinin qüdrətli olmasıdır. Buna görə də insanlar ölkə prezidentinin siyasətini dəstəkləyirlər. Bu gün Azərbaycanda dövlət başçısı ilə xalq arasında çox mehriban, səmimi və sağlam bünövrəyə əsaslanan münasibət var. Ona görə də, dövlətin nailiyyətlərinə sevinən xalq bundan bütün istiqamətlərdə bəhrələnir. Ölkəmizin siyasi, iqtisadi nüfuzunun artması bütün xalq tərəfindən sevinclə qarşılanır. Azərbaycan prezidentinin yeritdiyi uğurlu siyasət və bunun nəticələri bəzi xarici dövlətlər və konkret olaraq düşmən tərəfindən qısqanclıqla qarşılanır. Müxalifət nümayəndələri arasında bu cür ölkələri dəstəkləyənlər, hətta onlarla əlbir olanlar belə olur".
A.Hüseynov hesab edir ki, artıq Azərbaycan vətəndaşı qanunun aliliyinə riayət edən bir cəmiyyətdə yaşayır: "Müxalifətin sabah müəyyənləşdirdiyi bu mitinq qanunsuzdur. Belə ki, onlar mitinqi nəzərdə tutulan məkanda deyil, şəhərin tam mərkəzində həyata keçirməyi planlaşdırırlar. İlk növbədə, əgər müxalifət mitinq keçirmək istəyirsə bunun üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət etməli və oradan icazə almalı idilər. Xatırladım ki, müxalifətə 20-ci sahədəki sürücülük məktəbinin yanındakı meydanda mitinq keçirmək üçün yer ayrılıb. Lakin onlar nədənsə icazə verilən yerdə deyil, şəhərin mərkəzində aksiya keçirmək istəyirlər. Bu sual daimi olaraq açıq qalır. Əlbəttə, bizdə - cəmiyyətdə, ictimaiyyətdə, sivil insanlarda bu sualın cavabı vardır. Müxalifət niyə məhz şəhərin mərkəzində mitinqləri, aksiyaları keçirməyə cəhd edir? Əvvəla, onlar hay-küy salaraq bildirirlər ki, aksiyanın keçiriləcəyi meydana minlərlə tərəfdaşımızı cəlb edəcəyik və arxamızda elektorat var, gücümüz, qüvvəmiz yetərincədir. Amma meydana 5-10 partiya birlikdə cəmi 1500-2000 adam çıxara bilir. Bu, artıq dəfələrlə sübuta yetirilib, radikallar fiaskoya uğrayıb. Ona görə də müxalifət öz aksiyalarını insanların gur, axın etdiyi bir yerdə keçirmək istəyirlər. Bununla da onlar parklarda istirahət edən sivil şəhər sakinlərinin arxasında gizlənərək xarici havadarlarına, qrant verənlərinə "baxın bizim sayımız nə qədərdir" ismarıcı göndərirlər. Bu ad altında pərdələnərək deyirlər ki, biz mitinq keçirdik və ətrafımıza xeyli sayda insan toplaya bildik. Məlum məsələdir ki, Bakı milyonçu şəhərdir və xüsusi olaraq insanlar öz istirahətlərini şəhərin mərkəzi yerlərində keçirdirlər".
YAP Qaradağ rayon təşkilatının sədrinin fikrincə, radikal düşərgənin üzvləri insanların çox olduğu bu cür yerləri təsadüfən seçmirlər: "Həmkarlarımızdan biri çox gözəl bir ifadə işlədib. Deyib ki, artıq müxalifətin pulu qurtarıb. Bu məqsədlə də onlar mitinq təşkil edərək para toplamağa cəhd edirlər. Eyni zamanda foto-video çəkilişlərini xaricə göndərərək öz haqlarını alırlar. Bir Azərbaycan vətəndaşı olaraq mənim istəyim və tələbim ondan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuz aksiyanın qarşısı mütləq şəkildə alınsın. Çünki, biz müxalifət tərəfindən edilən bu cür qanunszuluğa göz yuma bilmərik. Digər tərəfdən müxalifət özündə güc tapıb ortalığa qoyacaq bir fikir səsləndirə bilirsə və cəmiyyəti, ictimaiyyəti buna inandırmağa hüququ çatırsa qoy bunu sivil qaydada həyata keçirsin. Amma bunu etməyə onların nə gücü, qabiliyyəti nə də ki, özlərinə inamı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB