Milli Məclisin bu gün keçirilən iclasında 1991-ci ildə Azərbaycanın Müstəqiliyi Aktına səs vermiş deputatların problemləri və 18 oktyabrın yenidən qeyri-iş günü elan olunması məsələləri qaldırılıb. SİA-nın xəbərinə görə, millət vəkili Fərəc Quliyev bildirib ki, Azərbaycanın müstəqilliyinə səs verən və "istiqlalçı deputatlar" adlandırılan şəxslərin sayı 43 nəfər olub, hazırda onlardan əksəriyyəti dünyasını dəyişib, 29 nəfəri yaşayır: "İstiqlalçı deputatların əksəriyyəti ağır sosial vəziyyətdə yaşayırlar. Qarşıdan 18 oktyabr gəlir. Mən özüm də istiqlalçı deputat olmuşam. Mənə bu barədə danışmaq çətindir. Həmin şəxslərə müəyyən imtiyazlar vermək, diqqət göstərmək, təqaüdlərini artırmaq nə çətin məsələdir?. Dövlətin bunun üçün hər cür imkanı var. Xahiş edirəm ki, bu məsələyə baxılsın".
F.Quliyev eyni zamanda bildirib ki, 18 oktyabr yenidən qeyri-iş günü elan olunmalı və təntənə ilə qeyd edilməlidir.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qeyd edib ki, Azərbaycanın Müstəqilliyi Aktının qəbul olunduğu 18 oktyabr dünyada təntənə ilə qeyd olunduğu halda, ölkədə iş günü elan olunub: "Məsələ müzakirə olunanda hakimiyyət nümayəndələri 18 oktyabrın iş günü olmasını Əmək Məcəlləsi, insanların sosial rifah halının yaxşılaşdırılması ilə izah etməyə çalışırdılar. Amma bu sırf siyasi məsələ idi. Hakimiyyət 18 oktyabra münasibətini dəyişməlidir. İddia olunur ki, 28 may var, 18 oktyabra ehtiyac yoxdur. Burada heç bir məntiq yoxdur. 28 may 1918-ci ildə olub, 18 oktyabr isə 1991-ci ildə. 18 oktyabrın təntənə ilə qeyd olunması gənc nəslin də tərbiyəsinə müsbət təsir göstərər. Ona görə də, Milli Məclis məsələyə yenidən baxmalı və 18 oktyabr qeyri-iş günü elan olunmalıdır".
Milli Məclisin sədri Oqtay Əsədov isə vurğulayıb ki, 1991-ci ildə qəbul olunan Müstəqillik Aktında Azərbaycan dövləti 1918-ci ildə yaradılmış dövlətin varisi elan olunub: "18 oktyabr da bayram günüdür. Məsələ bir neçə dəfə müzakirə olunub və qərar verilib. Buna yenidən qayıtmağa ehtiyyac yoxdur".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB