"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılarla bir yerdə yaşamalı, onların birgə yaşayışı üçün muxtariyyət modeli işlənib hazırlanmalıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı mövqeyi 100 faiz aydındır. Nazir müavininin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən təkcə Bakı ilə yaxın münasibətdə olan ölkələr və ya İslam Əməkdaşlığı Təşkilatı deyil, eyni zamanda bu dəstək BMT Təhlükəsizlik Şurasının qətnamələrində, NATO və Qoşulmamaq Hərəkatının sənədlərində öz əksini tapıb.
"Onların çıxış etdiyi prinsipial bəyanatlar fikrimcə, Ermənistana açıq mesaj olmalıdır, İrəvan bunu anlamalı və qəbul etməlidir. Münaqişənin həll etmək üçün müzakirələr 20 ildir davam edir və bu müddətdə həmsədrlər, diplomatlar dəyişib. Lakin əsas problem odur ki, Ermənistan öz mövqeyinə yenidən nəzər yetirmək istəmir. Amma fikrimcə, vəziyyət onu dəyişməyə məcbur edəcək. 2004-cü ildə başlamış yekun mərhələdə formalaşmış anlayışlar var. Bu anlayışlar kifayət edir ki, biz artıq indi, vaxt itirmədən münaqişənin həlli üçün gündəlik iş qrafikini, yəni "Yol xəritəsi"ni tərtib edək. Burada həm erməni tərəfini, həm bizi narahat edən məsələlər öz əksini tapmalıdır. Heç kim yolların bərpası ideyasını rədd etmir, sadəcə bu, ərazilərin boşaldılmasından sonra mümkündür. Biz həmçinin Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ideyasını da rədd etməmişik, lakin status məsələsi yalnız azərbaycanlılar dinc şəraitdə regiona qayıtdıqdan sonra müzakirə oluna bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB