"Şəxsiyyəti bəlli olmayanlar zabitimizin addımını düzgün qarşılaya bilmirlər"
"Müxalifətin ayrı-ayrı nümayəndələri zabit şərəfinin müdafiə olunmasını səhv addım adlandırırlar və bunu Ramil Səfərovun səhvi kimi qələmə verməyə çalışırlar". Bunu SəsTV-yə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Ramil Səfərovu qatil adlandıran "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova və müxalifətin digər nümayəndələrinin hərəkətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, baş vermiş hadisə bütün cəmiyyətin hər bir fərdinin ürəyini riqqətə gətirirsə, onda sevinc oyadırsa deməli bu, ümummilli məsələ, ümummilli ifadə və ümummilli rəydir: "Ümumi rəydən kənarda olan, onun əksinə olan, onu ifadə etməyən, o sevincə və ya o kədərə ortaq olmayan mövqe milli iradənin əksində olan mövqedir, milli iradəyə zidd olan mövqedir. Son illərdə artıq dəfələrlə sübut olunub ki, ümummilli məsələ hesab olunan millətimizin arzuları, tərəqqisi və inkişafı baxımından qlobal hadisəyə çevrilən məsələlərə bəzən müxalifət və ayrı-ayrı fərdlər tərəfindən normal münasibətlər bəslənilmir, milli iradənin əksinə olaraq mövqelər ortaya qoyulur. Əlbəttə ki, bu heç də baş vermiş məsələnin mahiyyətinə təsir etmir. Bu günlərdə Ali baş Komandanımızın, Azərbaycan Respublikasının Prezidentinin səyləri nəticəsində sevindirici bir hadisə baş verib. Macarıstan Respublikasının paytaxt məhkəməsində haqsız olaraq ömürlük həbsə məhkum olunmuş Ramil Səfərov azadlığa buraxılıb. Əslində həbsin özü balanğıcdan ədalətli deyildi. Çünki, bir zabit hərbi qulluğa daxil olarkən məhz vətəndaşı olduğu dövlətin bayrağı qarşısında and içir. Bayrağımız hər bir azərbaycanlının şərəfidir. Bir zabitin vəzifəsi isə həmişə bayrağı, vətəni, milləti müdafiə etmək, hətta onun uğrunda ölməkdir, ya da öldürməkdir. Ölən şəhid olur, öldürən qazi olur. Vətənin və yaxud zabit sözünün leksik mənası da, etimoloji və semantik mənası da bütövlükdə məzmunu da onu tələb edir ki, millətinin bayrağı təhqir olunursa, onu təhqir edənə məhz zabit mundirinin və zabit şərəfinin tələb etdiyi şəkildə cavab vermək lazımdır. Ramil Səfərov da bunu etdi".
Baş redaktor bildirib ki, müxalifətin ayrı-ayrı nümayəndələri bunu səhv addım adlandırırlar, Ramilin səhvi kimi qələmə verməyə çalışırlar: "Ayrı-ayrı şəxslər bunu Azərbaycanın ikitərəfli əlaqələrində və beynəlxalq münasibətlərində gərginliyin yaranmasına səbəb olacağını izah edirlər. Bunların heç birinin əsası yoxdur, hələ üstəlik ayrı-ayrı insanların, şəxsiyyəti bəlli olmayan Xədicə İsmayılovanın timsalında bu qəhrəmanlıq hadisəsini, bir zabitin şərəfini qorumaq üçün atdığı ləyaqətli addımı düzgün qarşılaya bilmirlər və bu şərəfli zabiti qatil adlandırırlar. Hesab edirəm ki, bu mövqe milli hisslərdən məhrum olmaq deməkdir və yaxud özünü bu millətin nümayəndəsi kimi, bu sevinci yaşayan cəmiyyətin bir üzvü kimi hiss etməməkdir".
H.Babaoğlu bildirib ki, bu rəylər nə olursa olsun Ramilin azad olunması ümummilli sevinc və nailiyyətdir. Biz bu münasibətlə Azərbaycan xalqının sevincini bölüşərək Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. Lakin bu məsələnin mahiyyəti təkcə Ramil Səfərovun azad olunması deyil. Həm də milli əhval-ruhiyyənin yüksəldilməsi, Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycan mövqeyinin möhkəmləndirilməsi deməkdir. Bu o deməkdir ki, Azərbaycan heç bir təzyiqdən qorxmur. Heç bir digər beynəlxalq təşkilatın və ya dövlətin hansısa bir mövqe tutacağından qorxmur, tərəddüd belə etmir. Fikrimcə, Azərbaycan bu gün o qədər inkişaf edib və güclənib ki, bu addımlar sayəsində Dağlıq Qarabağı işğaldan azad edəcək. Əgər Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyindən təşvişə düşənlər varsa, onlar Azərbaycan cəmiyyətinin üzvü deyillər, onlar Azərbaycanın nailiyyətlərinə sevinmirlər və Dağlıq Qarabağ probleminin həllində maraqlı deyillər. Ramil Səfərovun qəhərmanlığı Azərbaycan hərbi vətənpərliyinin yüksəlməsində böyük bir rol oynadı. Necə ki, digər cəbhələrdə müdafiə olunan əsgər vətənpərlərinmizin xatirəsi dövlətimiz, hökümətimiz tərəfindən üstün tutuldu, eləcə də Ramil Səfərovun vətəninə geri qaytarılması dövlətimizin, hökümətimizin nailiyyətidir. Hesab edirəm ki, bu nailiyyət Dağlıq Qarabağ torpaqlarının geri qaytarılmasında başlanğıc nöqtəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB