Bu gün Gəncə Det.Al Alüminium MMC Gil-Torpaq İstehsalat zavodunda Yeni Azərbaycan Partiyası üzvlərinin müraciəti əsasında təsis yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov, təşkilatın məsul işçiləri, müəssisənin rəhbərliyi və YAP üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə müəssisənin rəhbəri Akif İbişov açaraq, bu müəssisənin Gəncənin iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etdiyini önə çəkdi və bildirib ki, Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi qayğının sayəsində 2011-ci ilin sonlarına yaxın Gəncə Det.Al MMC Gil-Torpaq İstehsalat zavodu yenidən öz fəaliyyətini bərpa edib. Hazırda zavodun tərkibində 1112 nəfərin fəaliyyət göstərdiyi 8 departament vardır. Zavodun istehsal etdiyi məhsul xaricə göndərilir. Müəssisənin işə düşməsinin əsas məqsədlərindən biri də zavodun tələbatına uyğun olan dənəvər gil-torpaq istehsal etmək və gələcəkdə bu zavodun bütün xammal tələbatını ödəməkdir. İlin əvvəlindən indiyədək müəssisədə 67920 ton məhsul istehsal olunub ki, ondan 63987 tonu Tacikistan respublikasına, 3933 tonu DET.AL Alüminium zavoduna verilib. Müəssisədə Yeni Azərbaycan Partiyasının 225 nəfər üzvünün çalışdığını deyən A.İbişov işlərin təşkilində, məhsul istehsalında, kollektivin ideya-siyasi səviyyəsinin yüksəldilməsinldə onların böyük rolu olduğunu bildirib.
YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov öz çıxışında qeyd edib ki, memarı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası şərəfli və mübariz fəaliyyəti dövründə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayıb. Sabit inkişaf proqramı, güclü milli dövlətçilik ideologiyası, sağlam siyasi bünövrəsi, nüfuzlu, müdrik lideri olan Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizin və xalqımızın mənafeyi, dövlətçiliyimizi qoruyub möhkəmləndirmək, Azərbaycanı qüdrətli dövlətlər sırasına çıxarmaq naminə bütün hadisələrin önündə gedib, öz sıralarını mütərəqqi fikirli, intellektual səviyyəli insanlar hesabına möhkəmləndirib, bu gün hakim partiya olaraq ən mötəbər, möhtəşəm və güclü siyasi qüvvəyə çevrilib. Tarixin sərt və çətin dönəmlərində qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən gəncəlilər də partiyanın yaranmasına ilkin dəstək verənlər sırasında olublar. İndi ölkə üzrə partiya üzvlərinin sayı 600 min nəfərə çatmış, şəhərimiz üzrə 26 mindən çoxdur.
Bu gün doğma şəhərimiz ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, ölkə başçısının bütün tövsiyə və tapşırıqlarını yüksək təşkilatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin təşəbbüskarlığı, tələbkarlığı sayəsində müasirləşir, tərəqqi edir, dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunur. Son vaxtlar bir çox beynəlxalq tədbirlərin Şeyx Nizami yurdunda keçirilməsi Gəncənin cəlbedici məkana çevrilməsinin təzahürüdür. Ətrafımızda, həyatımzda baş verən yeniliklər gözümüzü, könlümüzü oxşayan dəyişikliklər, yaxşı ab-hava, yüksək əhval-ruhiyyə hər birimizi qurub yaratmağa, yaşadığımız şəhəri daha da gözəlləşdirməyə sövq edir. Yeni obyektlərin tikilib istifadəyə verilməsi, istehsal sahələrinin yaradılması, xidmət obyektlərinin açılması, özəl sektorun, sahibkarlığın inkişafı insanların məşğulluğunu təmmin etməklə yanaşı, onların həyat tərzini xeyli yaxşılaşdırmışdır. Məhz qurub yaradan insanların önündə partiya fəalları qətiyyətlə addımlayır, yeni zəfərlərə imza atırlar.
Yeni Azərbaycan Partiyasına qəbul olunmaq üçün müraciət edənlərin sayı gündən-günə artır. Fərəhləndirici bir məqam da ondan ibarətdir ki, partiya sıralarına qoşulanların əksər hissəsini gənclər təşkil edir. Onlar fəal möveqdən çıxış edir, göstərilən etimadı layiqincə doğruldurlar. İndi bacarıqlı gənc kadrların seçilib idarəetmə strukturlarında yerləşdirilməsinə, məsul vəzifələrə irəli çəkilməsinə xüsusi önəm verilir. Həmin kadrlar isə partiyanın sıralarında formalaşır, yetişir və tanınırlar. Partiyaya yeni qəbul olunanların ictimai fəallığı, siyasi proseslərdə iştirakı, əqidə saflığı əsas meyar kimi götürülür. Partiya sıralarında formalaşan , yetişən və böyüyən gənclərimiz Azərbaycanın xoşbəxt gələcəyidir.
Təşkilatın sədri əmin olduğunu bildirdi ki, müəssisədə yeni yaradılmış ərazi təşkilatı da səmərəli fəaliyyəti ilə yüksək mövqedə dayanacaq, partiyanın tapşırıq və göstərişlərini şərəflə yerinə yetirəcək, Azərbaycanın, eləcə də Gəncənin inkişafına öz töhfələrini verəcəklər.
Təsis yığıncağında YAP Nizamnaməsinə uyğun olaraq, açıq səsvermə şəraitində səs çoxluğu ilə ərazi ilk partiya təşkilatının 13 nəfərdən ibarət İdarə Heyəti seçilib. Partiya üzvləri yekdilliklə Əliyev Qeys Yaşar oğluna etimad göstərərək təşkilatın sədri, Rəhimov Coşqun İsmayıl oğlunu və Məmmədova İradə Müxtəs qızını müavin seçiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB