Almaniyanın şərti: “Pullara bir şey olsa, cavabdeh rəsmi Madriddir”
"İspan banklarına verilən 100 milyard avro kreditin qaytarılması təhlükə altına düşərsə buna cavabdeh Madrid olacaq". SİA-nın Almaniya bürosu xəbər verir ki, Almaniyanın maliyə naziri Volfqanq Şoyble bu gün alman jurnalistlərinə verdiyi müsahibədə belə deyib.
Qeyd edək ki, məhz bu gün, 19 iyul 2012-ci il tarixdə Alman parlamenti ispaniyanın maliyə sektoruna 100 milyard avroluq kreditin ayrılmasına qərar verməlidir. Bu günə qədər isə mətbuatda cavabdehliyin dövlətin deyil, maliyə sektorunun özünün çiyinlərində olacağını deyirdilər və bunun alman parlamentarilərin qərarında çox mənfi rol oynayacağına əmin idilər. İndi isə maliyə naziri başqa bəyanat verir. "ayrılacaq kreditin əvəzində rəsmi Madrid bank sektorunda ciddi reformalar aparacağına söz verir"deyə Cənab Şoyble parlamentariləri sakitləşdirir. Nazir onu da əlavə edib ki, hazırda onsuz da birbaşa banklara maliyə ayırmaq üçün hazır mexanizm yoxdur. Avropa Maliyə Stabilliyi Fondu(EFSF) krediti dövlətin özünə ayıra bilər və kredit ayrılan dövlət öz növbəsində vəsaiti maliyə sektoruna istiqamətləndirə bilər.
Maraqlıdır ki, belə bir qurumun yaradılmasına uzun müzakirələrdən sonra ötən ay avrozona ölkələri tərəfindən ümumi razılıq verilmişdi. Qurum Avropa Maliyə Stabilliyi Fondunun vəsaitlərini xərcləməkdə və mexanizmin işləməsində yeganə səlahiyyətli orqana çevrilir. Bu orqanın olmasında əsas israr edən məhz Almaniya idi. Amma qərar qəbul ediləndən sonra rəsmi Berlin nədənsə etinasızlıq nümayiş etdiməyə başladı. Almaniyanın maliyə naziri müsahibəsində belə bir qurumun yaxın bir ildə fəaliyyətə başlaya biləcəyinə şübhə ilə yanaşdı. Üstəlik alman parlamenti də ölkəsinin bu quruma qoşulması üçün qərar verməlidir ki, parlamentarilər buna tələskənlik göstərmirlər. Hazırda müşahidəçilər bunun cavabdehliyi borclu dövlətlərin üzərində saxlamaq üçün suni lənglik, yoxsa həqiqətən də prosedur qaydası olduğunu müəyyənləşdirməkdədirlər.
Şahin Abasov,
SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB