Avropa İttifaqı Şurasının prezidenti Milli Məclisdə olub

Avropa İttifaqı Şurasının prezidenti Milli Məclisdə olub

Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy bu gün Milli Məclisdə olub. SİA-nın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, parlamentin binası önündə hörmətli qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

Avropa İttifaqı Şurasının prezidenti Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

Sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Parlamentin sədri Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana ilk rəsmi səfərini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirilib ki, bu səfər əlaqələrimizin inkişafında yeni mərhələ açacaqdır. O.Əsədov deyib ki, Azərbaycan Avropa strukturları ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Avropa təsisatları ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Bu kontekstdə ölkəmiz Avropa Şurası ilə münasibətlərinin daha da dərinləşməsində maraqlıdır. Azərbaycanın Avropa dəyərlərinə sadiqlik nümayiş etdirdiyini vurğulayan O.Əsədov ölkəmizin 2009-cu ildən "Şərq tərəfdaşlığı" Proqramına qoşulduqdan sonra Avropa İttifaqı ilə münasibətlərimizin daha da genişləndiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə