XİN: \"Azərbaycan Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət verə bilər”

"Deyə bilmərəm ki, iyunun 18-də keçirilmiş Paris görüşündə hansısa yeni təkliflər vardı. Görüş çərçivəsində bu gün vəziyyətin hansı səviyyədə olduğu, hansı tədbirlərin görülməsi ilə bağlı addımlar atılmalı olduğu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə hansı işlərin görməli olduğuna dair müzakirələr aparılıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün portuqaliyalı həmkarı ilə keçirdiyi brifinqdə iyunun 18-də keçirilmiş Paris görüşündə ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni yanaşmalar təklif etməsi barədə sualı cavablandırarkən deyib.


Xarici işlər naziri bildirib ki, proses davam edəcək: \"Biz çox istərdik, elə bir mərhələyə çataraq elan edək ki, artıq münaqişə öz həllini tapıb, razılaşma əldə olunub, ermənilər işğal altında olan əraziləri tərk ediblər, köçkünlər geri qayıda bilərlər. Amma hələ ki, belə deyil. Bu dondurulmuş münaqişə deyil və biz bunun həllini tapacağıq. Beynəlxalq ictimaiyyət də artıq onun deyir ki, status-kvo qəbuledilməzdir. Bir sözlə, əsas məsələ odur ki, Ermənistan qoşunları bütün işğal altında olan əraziləri tərk etməlidir".


Nazir Ermənistan prezidenti Serj Sarkisyanın ötən gün Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktına uyğun olaraq həll edilməsinin vacibliyi barədə açıqlamasına münasibət bildirib. O qeyd edib ki, Azərbaycan Helsinki Yekun Aktına qoşulub. Onun sözlərinə görə, həmin aktda o da qeyd olunub ki, problem yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.


"Biz orada əsasən 3 prinsipi götürmüşük ki, buna da güc göstərməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə daxildir. Öz müqəddəratını təyin etmə o demək deyil ki, ərazi bütövlüyü pozulmalıdır. Azərbaycan Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət verə bilər. Ermənilər bizim insanları öz yurdlarından qovublar. Beynəlxalq aləm də bəyan edib ki, azərbaycanlı məcburi köçkünlər öz ərazilərini qayıdıb, muxtariyyətlə bağlı öz mövqelərini bildirməlidirlər. Beynəlxalq hüquq normaları baxımından heç bir problem yoxdur. Sadəcə bu məsələdə Ermənistan tərəfindən bir az oynama gedir. Artıq beynəlxalq hüquq da bunu deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ermənilər işğal altında olan Azərbaycan ərazilərindən çəkilməli, azərbaycanlılar geri qayıtmalıdırlar", - deyə E.Məmmədyarov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə