Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayır. SİA-nın xəbərinə görə, 3 gün davam edəcək sessiyanın ilk günü AŞPA-nın sədri rəhbərlik etdiyi təşkilatın yaz sessiyasından sonrakı fəaliyyəti barədə məlumat verəcək, büro və daimi komitənin hesabatları dinləniləcək, Nazirlər Komitəsinin sədri, Albaniya baş nazirinin müavini və xarici işlər naziri qurumun apreldə keçirilən sessiyasından sonra görülən işlərdən danışacaqlar.
İyunun 26-da sessiyanın ikinci günü Bosniya və Herseqovinadan, Xorvatiyadan, Çex Respublikasından, İsveçdən, Niderlanddan, Polşadan, Rusiyadan və Böyük Britaniyadan İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, "Maliyyə böhranının siyasi, iqtisadi və sosial nəticələri", "Sosial hüquq və demokratiya üçün təhlükə", "Avropada regionlar və yerli kollektivlər iqtisadi böhran məngənəsində", "Avropada müsəlman qadınlar" məsələləri və Gürcüstan ilə Rusiya arasında münasibətlər müzakirə olunacaq.
Sessiyanın gedişində Albaniyanın və Xorvatiyanın baş nazirlərinin çıxışları da nəzərdə tutulub. AŞPA-nın yay sessiyasının gündəliyinə Azərbaycan ilə bağlı məsələ salınmayıb.
Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB