Elçin Mirzəbəyli: \"Beynəlxalq təşkilatlar himayə etdiyi Leyla Yunusdan ittiham eşitdi\"

"Leyla Yunusun siyasi məhbus siyahılarında həmişə narkotik alverçisi, terrorçu, qatil, zorlama faktı üstə həbs olunanlar da olub. Buna görə də Leylanın kimliyini Avropa da yaxşi bilir". Bunu Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib. Qeyd edək ki, ötən gün Sülh və Demokrtiya İnstitutunun rəhbəri Leyla Yunus AŞPA həmməruzəçilərinin keçirdiyi mətbuat konfransında onları korrupsioner adlandırmışdı. Səsləndirdiyi bu ittihamın səbəbi isə onların Azərbaycandakı siyasi vəziyyətə doğru qiymət verməməsi ilə bağlı olub. Elçin Mirzəbəyli azərbaycanlı hüquq müdafiəçisinin beynəlxalq müşahidəçilərin ünvanına bu cür ittiham səsləndirməsini doğru hesab etmədiyini deyir. Onun sözlərinə görə, Leyla Yunusun bu ittihamı onun və onun kimilərin nə qədər məsuliyyətsiz olduqlarını sübuta yetirir: "Əslində bu fakt sübuta yetirir ki, bu insanlar üçün nə hüquq, nə də dəyər deyilən anlayış yoxdur. O və onun kimi düşünənlər öz maraqları naminə istənilən şəxsə böhtan ata bilər".

BAXCP sədrinin müavinin fikirincə, bütün Azərbaycan Leylanın kim olduğunu bilir: "İndi isə Leyla Yunusun qondarma siyahılarıyla ölkəmizin ünvanına böhtan yağdıranlar da bunun şahidi oldu. Əgər Leyla Yunusun dediyi kimi AŞ PA həmməruzəçiləri korrupsionerdilərsə, o zaman yəqin Leyla Yunus kimi qrant dəllalları ilə korrupsiya əlaqəsinə giriblər. Əks reaksiyaya gəldikdə isə, çox güman ki, AŞ PA həmməruzəçiləri bu ittahamı nəzərə alacaqlar və Azərbaycan haqda donos yazanların kimliyi barədə təsəvvürləri olacaq".

Elçin Mirzəbəyli həmçinin əlavə edib ki, bəzi xarici güclərin himayəsində olan beynəlxalq təşkilatlar zaman-zaman Leyla Yunus kimilərinin xidmətlərindən istifadə etməklə Azərbaycana təzyiq göstəriblər. İndiyə qədər Avropa təşkilatlarına təqdim olunan siyahılara gəldikdə isə bu şəxslərin böyük əksəriyyətinin konkret cinayət faktlarına görə həbs olunduqları dəfələrlə sübuta yetirilib.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə