2012-ci il dövlət büdcəsinə dəyişiklik müzakirə edilir

2012-ci il dövlət büdcəsinə dəyişiklik müzakirə edilir

Milli Məclisdə "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında"qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsinə başlanıb. SİA-nın xəbərinə görə, iclasda çıxış edən millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri 2012-ci ilin dövlət büdcəsinə təklif olunan düzəlişlər barədə fikirlərini açıqlayıblar. Müzakirəyə çıxarılan qanun layihəsinin Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edildiyi qeyd olunub.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan son 20 il ərzində sürətlə inkişaf edərək dünyada öz mövqeyini möhkəmləndirib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi yüksəliş müşahidə olunur, makroiqtisadi sabitlik təmin edilib. Dünyada gedən iqtisadi-maliyyə böhranına baxmayaraq ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir.

Komitə sədri həmçinin qeyd edib ki, həyatın müxtəlif sahələrində müşahidə olunan inkişaf dinamikasını özündə əks etdirən 2012-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilmiş digər sənədlər ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün tələbləri nəzərə alınmaqla tərtib olunub. Bununla belə, ölkə iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, maliyyə resurslarının artımını nəzərə alaraq dövlət büdcəsi üzrə qəbul olunmuş proqnoz göstəricilərinə yenidən baxılması və bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranıb.


Milli Məclisdə iştirak edən maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti barədə açıqlama verib.

Samir Şərifov qeyd edib ki, ediləcək əlavələrin bir qisminin ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə, sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın və 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılması planlaşdırılır. Bundan başqa, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan yağışların, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi, habelə Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq işlərin həyata keçirilməsi üçün əlavə maliyyə sərf olunacaq. Eyni zamanda, 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq vəsaitin cəlb edilməsi tələb olunur. S.Şərifov həmçinin qeyd edib ki, büdcəyə əlavə ediləcək vəsaitin həmçinin sovet dövründən qalan əmanətlərin qaytarılması, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur.

Dəyişikliklərə əsasən, 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 mln manat, xərclər isə 17 672 mln manata çatdırılacaq. Dövlət büdcəsinə ediləcək əlavələrin iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə