Azərbaycanın Almaniyadakı fəxri konsulu ADU-da olub

Azərbaycanın Almaniyadakı fəxri konsulu ADU-da olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, Səməd Seyidov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fəxri konsulu Otto Hauser ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov Azərbaycanda alman mədəniyyətinin, dilinin hər zaman yüksək səviyyədə qorunduğuunu, ADU-da bu dilin yüksək səviyyədə tədris olunduğunu qonağın diqqətinə çatdırıb. Səməd Seyidov ADU-da Alman dilinin 1938-ci ildən tədris olunduğunu vurğulayıb. O, bildirib ki, universitetdə alman dili üzrə yüksək səviyyəli müəllimlər, mütəxəssislər var. Səməd Seyidov həmçinin bildirib ki, ADU-da alman dili 3 istiqamətdə öyrənilir, alman dili üzrə tərcüməçilik, alman dili müəllimliyi və regionşünaslıq. Beynəlxalq münasibətlər fakültəsində almaniyaşünas ixtisası üzrə universitetdə 15 dilin tədris olunduğunu bildirən rektor S.Seyidov vaxtilə ADU-da əsas dil kimi ingilis, fransız, alman dillərinin tədris olunduğunu, hazırda demək olar ki, bütün Avropa dilləri ilə yanaşı, Asiya xalqlarının dillərinin də tədris olunduğunu qeyd edib. Səməd Seyidov TEMPUS proqramı çərçivəsində Almaniyanın Leypsiq Universiteti ilə əlaqələrin mövcudluğundan söz açıb. Azərbaycanda yeganə olaraq Göte İnstitutunun ADU-da fəaliyyət göstərdiyini deyən Səməd Seyidov ADU-nun DAAD (Alman Mübadilə Proqramı) ilə əməkdaşlıq etdiyini deib. O, alman dilinin öyrədilməsi üçün eyni zamanda, universitetin Avstriya ilə əlaqələrinin olduğunu da deyib. Avstriyalı professorların ADU-ya səfər etdiklərini vurğulayan S.Seyidov ADU-nun Avstriyanın İnsburq, Vyana, Grats Universiteti ilə əlaqələrindən söz açaraq hazırda ADU-da alman professorunun təlim keçdiyini bildirib.

Rektor Səməd Seyidov bu ilin iyun ayında "Germanistikanın aktual problemləri" mövzusunda ADU-da keçiriləcək elmi konfrans haqda qonağa məlumat verib və Almaniyanın Bonn Universitetinin germanistika üzrə tanınmış alimlərinin bu konfransa dəvət aldıqlarını bildirib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fəxri konsulu Otto Hauser ADU-da alman dilinin yüksək səviyyədə tədrisindən məmnun olduğunu bildirib. Göte İnstitutunun fəaliyyətindən söz açan qonaq alman dilini öyrənmək üçün ADU-da çox gözəl baza yarandığını da vurğulayıb. Gələcək əməkdaşlıqdan danışan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fəxri konsulu Otto Hauser peşə hazırlığı, peşə təşkili üzrə proqram sisteminin Azərbaycana gətirməkdə maraqlı olduğunu deyib. Otto Hauser alman dili fakültəsi ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib və bu istiqamətdə əlaqələrin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə