Əli Həsənov: \"Laçın Qraçovun dəstəyi ilə işğal olunub\" - MÜNASİBƏT

Əli Həsənov: \"Laçın Qraçovun dəstəyi ilə işğal olunub\" - MÜNASİBƏT

\"Burada digər ölkələrin səfirliklərindən heç kimi görmürəm. İran səfirliyi özü də gəlməsə nümayəndəsini göndərib. Amma Rusiya səfirliyi nə özü gəlib nə də nümayəndəsini göndərib\". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Laçınsız" filminin təqdimatı zamanı çıxışında Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Komitə sədri Rusiya səfirliyinin tədbirdə iştirak etməməsindən narazı olduğunu dilə gətirib: \"Niyə onlar bizim bu dərdimizə belə biganə yanaşırlar? Axı zamanında Ulu Öndər Rusiya prezidentinə demişdi ki, bu problemin həllinin açarı məhz Rusiyadadır. Bizim dövlət nümayəndələri Rusiya səfirliyinin bütün tədbirlərində iştirak edir. Ancaq onlar bunu özlərinə borc bilmirlər. Yəqin Rusiya səfirliyi mənim bu sözlərimi eşitməmək üçün gəlməyib. Mən Xarici İşlər Nazirliyinə müraciət edirəm ki, belə hallar nəzərə alsınlar\".


Baş nazirin muavini həmçinin Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun anasının erməni olduğunun da heç kimə sirr olmadığını vurğulayıb: "Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib".


Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Ə.Həsənov bildirib ki, bu ölkənin yeni seçilmiş prezidenti Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ümid edir: "Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə