Qənirə Paşayeva Avropada fəaliyyət göstərən türk təşkilatları ilə görüşüb - FOTO

Almaniyanın Köln şəhərində keçirilən Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva Almaniyada və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən Türk təşkilatlarının rəsmiləri ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili ilk olaraq Avropa Türk-İslam Birliyinin yeni rəhbəri İhsan Öner, sabiq sədri Selahhetin Sayqın, qurucu lider Musa Sərdar Çələbi və təşkilatın idarə heyəti üzvləri, gənclər və qadın qolları ilə görüşüb. Görüş zamanı millət vəkili qeyd edib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk kökənli diasporlar Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması,"qondarma erməni soyqırımı"na qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər. "Qondarma erməni soyqırımı"na qarşı mübarizə aparmaq hər bir Türkün vəzifəsidir", -millət vəkili Qənirə Paşayeva belə deyib. O, Avropa Türk-İslam Birliyinə Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə, təşəkkür edib. Avropanın ən böyük və köklü təşkilatlarından biri olan Avropa Türk-İslam Birliyinin Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində bundan sonra da səylərini daha da artıracağına inandığını deyən millət vəkili rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu" İB adından Avropa Türk-İslam Birliyinin yeni rəhbəri İhsan Öner, sabiq sədri Selahhetin Sayqın, qurucu lider Musa Sərdar Çələbiyə Azərbaycanla bağlı geniş materiallar da təqdim edib.

Avropa Türk-İslam birliyinin yeni sərdi İhsan Öner isə bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim qardaş Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar. Avropa Türk-İslam Birliyinin qurucu lider Musa Sərdar Çələbi isə qardaş Azərbaycanın Qarabağ ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycan həqiqətlərinin Avropada daha geniş yayılması işində əllərindən gələn dəstəyi bundan sonra da hər zaman göstərəcəklərini deyib. "İnşallah gələn il Avropa Türk-İslam birliyinin 21-ci qurultayını işğaldan azad edəcəyimiz torpaqlarımızda qeyd edək. Əsl bayram o zaman olacaq"- deyən təşkilat rəsmiləri Azərbaycan Diaspor Təşkilatları ilə daha sıx iş birliyini quracaqlarını da bildiriblər və bunun vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə hazırlanmış "Dağıdılmış mədəniyyət beşiyi -Şuşa" filminin və Xocavənd rayon icra hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır" şeirlər silsiləsi əsasında hazırladığı "Ruhum Qarabağlıdır" filminin nüsxələri, Qarabağ həqiqətləri ilə bağlı materiallar, millət vəkili Qənirə Paşayeva və Şərq qəzetinin baş redaktoru Akif Aşırlının həmmmüəllif olduğu "Erməni soyqırımının qurbanı-Bağanıs Ayrım" kitabı Avropa Türk-İslam birliyinin rəsmilərinə təqdim edilib.

Avropa Türk İslam Kültür Dərnəkləri başqanı Yakub Tufan, Almaniya Alevi İslam Birliyi başqanı Alişan Hızlı və bir sıra digər təşkilat rəsmiləri ilə görüşüb və fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə