Sahibə Qafarova: “AŞPA-nın gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməyib”
Aprelin 23-27-də Strasburqda AŞPA-nın yaz sessiyası keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Onun sözlərinə görə, PA-nın gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməyib. O, qeyd edib ki, AŞPA-nın yaz sessiyasında qurumun vitse-prezidentləri seçiləcək, AŞPA Bürosunda və daimi komitədə Rusiyada prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq: "Gündəliyə, həmçinin, Avropa Şurasının cənub qonşuluğunda gender bərabərliyi və qadınların statusu, idmanda etika və effektiv idarəetmə, oyunların fiksasiyası məsələləri, onlayn kütləvi informasiya vasitələri və internetdə söz azadlığını ifadə etmək hüququnun müdafiəsi, Şimali Qafqaz regionunda məcburi köçkünlərin durumu, iqtisadi və maliyyə böhranı ilə əlaqədar pensiyaların azaldılması problemi daxil edilib. Bilirsiniz ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistan dövlətinin apardığı işğalçı siyasətin ifşasına nail olmaq, bu məsələnin Azərbaycana və ümumilikdə, regionun inkişafına yaratdığı təhlükələr və fəsadlar haqqında Avropa ictimaiyyətini məlumatlandırmaqdır. Bu sessiyada da bununla bağlı işlər davam etdiriləcək. Həmçinin, Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə aparılan demokratik islahatların mövcud nəticələri, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr barədə də çıxışlar olacaq".
Avropa Şurası ilə Azərbaycan arasında mövcud əlaqələrə gəlincə millət vəkili bildirib ki, qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib: "Ölkəmiz bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın ölkəmizdə baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Azərbaycan tərəfi isə bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB