Millət vəkili “Azərbaycandan Türk dünyasına baxış” və “Dağlıq Qarabağ problemi” adlı konfranslarda çıxış edib-FOTO

Millət vəkili “Azərbaycandan Türk dünyasına baxış” və “Dağlıq Qarabağ problemi” adlı konfranslarda çıxış edib-FOTO

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türk Ocaqları Antalya şöbəsi tərəfindən təşkil olunmuş "Azərbaycandan Türk dünyasına baxış" və "Dağlıq Qarabağ problemi" adlı iki konfransda çıxış edib.


SİA- nın məlumatına görə, konfrans Azərbaycan və Türkiyə himnlərinin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Konfransda çıxış edən Türk Ocaqları Antalya şöbəsinin sədri Abdulla Uysal Türk Ocaqlarının fəaliyyəti və konfransın keçirilməsi məqsədi barədə məlumat verib.


Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb.


Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu konfransın əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işini sürətləndirməli və səylərini artırmalıdır." Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva "harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər", - deyə millət vəkili nitqinə davam edib.


Millət vəkili həmçinin Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. O deyib ki, qondarma erməni soyqırımına qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanının vəzifəsidir.


Türk Ocaqlarının 100 illiyi ilə bağlı tədbirlərin məhz Bakıdan başlaması və keçirilmiş tədbirlərin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva "İnşallah Türk Ocaqlarının 101-ci ildönümünü birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik"- deyə millət vəkili qeyd edib.


Daha sonra millət vəkili Qənirə Paşayeva konfrans iştirakçılarının suallarını cavablandırıb.


Konfransın sonunda millət vəkili Türk Ocaqlarının 100 illiyi ilə bağlı xüsusi plaketə layiq görülüb.


Qeyd edək ki, konfrans çərçivəsində millət vəkili Q. Paşayevanın "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə