Ölkə başçısı: “İstehsal qiymətlərinə nəzarət daha da gücləndirilməlidir”

Ölkə başçısı: “İstehsal qiymətlərinə nəzarət daha da gücləndirilməlidir”
"Nəzərə alsaq ki, bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaq, əlbəttə inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaq. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaqdır. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycanda bu nəzarət güclənir, istehsal qiymətlərinin səviyyəsi demək olar ki, sabitdir: "Hətta ənənəvi bayramlarımız ərəfəsində də bizim müvafiq qurumlar çalışırlar ki, qiymətləri sabit saxlasınlar. Çünki əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da qiymətlər enmirdi. Beləliklə, hər il ildə iki dəfə - ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha da ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır".

Dövlət başçısı deyib ki, maaşlar və pensiyalar qaldırılır: "Keçən il orta pensiya təxminən 40 faiz artırılıb və pensiya islahatları bundan sonra da aparılacaq. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni 470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə, qiymətlərin normal səviyyədə qalmasına daim diqqət göstərilməlidir. Burada, əlbəttə, müasir yanaşmalara keçid də böyük əhəmiyyət daşıyır. Posterminalların quraşdırılması, nağdsız ödəmələrin daha da geniş yayılması prosesi sürətlə getməlidir. Qısa müddət ərzində 20 minə yaxın posterminal tətbiq edilib. Hazırda bu proses geniş vüsət alıbdır. Əminəm ki, bu posterminalların fəaliyyətə başlamasının nəticəsidir. Ümumiyyətlə, bizim həm istehlak bazarımız, həm maliyyə sistemimiz daha da şəffaflaşacaq".

Prezident daha bir maraqlı məsələyə toxunub: "Bizdə indi maaşların, pensiyaların mütləq əksəriyyəti plastik kartlarla ödənilir. Ancaq pensiyanı alan pensiyaçı dərhal gedir o terminaldan o vəsaiti nağd şəkildə çıxarır. Nəyə görə? Çünki birinci növbədə bu, psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazım idi. Digər tərəfdən, o kartla bir çox yerlərdə o, öz alış-verişini apara bilmir. Posterminallar olmadığı üçün bu kartlar sadəcə olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların, əməkhaqlarının verilməsi zamanı xoşagəlməz hallara son qoyulsun. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəllər maaş, pensiya kassirlər vasitəsilə verilirdi və xoşagəlməz hallar kifayət qədər çox idi. Əslində bu, bir ənənəyə çevrilmişdi. Hər bir maaş alan özünü borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə üçün o pulu verməli idi?! O, kassirin babasının puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə yaranmışdı və bu, geniş vüsət almışdı. Biz hamımız bunu yaxşı bilirik. Ona görə, maaşların, pensiyanın plastik kartlarla verilməsi artıq buna son qoydu. Ancaq maaşın, pensiyanın kartlarla verilməsi təkcə bu məqsədi güdmürdü. Eyni zamanda, nağdsız ödəmələrin genişlənməsinə yol açmalı idi. Ona görə, posterminalların geniş şəkildə tətbiq edilməsi Bakıda, böyük şəhərlərdə və ondan sonra bütövlükdə ölkə üzrə bu məsələnin - nağdsız ödəmələrin həlli bizim bütün maliyyə sistemimizə çox müsbət təsir göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə