Qırğızıstan Respublikası Parlamentinin sədri cənab Asilbek Jeenbekov TÜRKPA Baş katibi Ramil Həsənovu qəbul edib. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan Asilbek Jeenbekov TÜRKPA-nın yeni və gənc təşkilat olmasına baxmayaraq fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük uğurlar əldə etdiyini və gələcəkdə nüfuzlu beynəlxalq təşkilata çevriləcəyinə əmin olduğunu ifadə edib.
Eyni zamanda Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində TÜRKPA-nın əhəmiyyətindən bəhs edib. Sədr beynəlxalq əlaqələr sahəsində qardaş ölkələr olan Türkmənistan və Özbəkistanla əməkdaşlığın genişləndirilməsinin və bu istiqamətdə fəaliyyət aparılmasının önəmli olduğunu qeyd edib. Bu baxımdan yaxın gələcəkdə həmin ölkələrin təşkilatın işində yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkür edən Ramil Həsənov TÜRKPA-nın Qırğızıstan Parlamenti ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın təşkilat üçün önəmli olduğunu bildirib. Baş katib TÜRKPA-nın beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermiş, beynəlxalq əməkdaşlıq sahəsində əsas prioritetlərdən birinin üzv olmayan Türkdilli ölkələr ilə əlaqələrin qurulması və həmin ölkələrin təşkilatın işində yaxından iştirak etməsinin təmin edilməsi olduğunu vurğulayıb.
R.Həsənov TÜRKPA-nın III Plenar Sessiyasının 2012-ci ildə Bişkekdə keçiriləcəyini, Katiblik tərəfindən artıq bu istiqamətdə hazırlıq işlərinin başlandığını və işgüzar səfərdə əsas məqsədin məhz Plenar Sessiyaya hazırlıq prosesi ilə yaxından tanış olmaqla bağlı olduğunu bildirib. Qırğızıstanın bu sahədə təcrübəyə malik olduğu və keçirilən hər sessiyanın üzv ölkələr arasında siyasi, iqtisadı, sosial, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaratdığı qeyd edilib. Baş Katib bu il təşkilatda sədrliyin Qazaxıstandan Qırğızıstana keçəcəyini və Asilbek Jeenbekovun rəhbərliyi altında TÜRKPA-nın səmərəli fəaliyyət göstərəcəyinə və böyük uğurlar əldə edəcəyinə inandığını ifadə edib.
Asilbek Jeenbekov TÜRKPA-nın III Plenar Sessiyasının 2012-ci ildə Bişkek şəhərində keçirilməsinin sevindirici hal olduğunu, bununla əlaqədar artıq təşkilat komitəsinin yaradıldığını və Plenar Sessiyanın yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu qeyd edib.
Eyni zamanda görüşdə III Plenar Sessiyaya hazırlıqla bağlı digər vacib məsələlər də müzakirə edilib.
TÜRKPA Baş katibinin müavini cənab Bektemir Ziyadinov da görüşdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB