Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 31 mart -Azərbaycanlıların Soyqırımı gününü anıb

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 31 mart -Azərbaycanlıların Soyqırımı gününü anıb

Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı "31 mart -Azərbaycanlıların Soyqırımı günü" nə həsr olunan tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov illərdən bəri ermənilərin xalqımızın başına açdığı müsibətlərdən danışıb.

V. Qədirov vurğulayıb ki, 1918-ci ildə azərbaycanlılar qarşı törədilən soyqırımı əslində milli qırğın olub. O bildirib ki, yaşananların dünya ictimaiyyətinin gözü qarşısında baş verməsinə baxmayaraq hadisəyə beynəlxalq miqyasda qiymət verilməyib.

Təşkilat sədri qeyd edib ki, azərbaycanlılara qarşı daim təcavüz və soyqırımı törətməklə azğınlaşmış ermənilər 20-ci əsrin sonlarından başlayaraq Azərbaycanın 20%-dən çox torpağını işğal edib, 1 milyondan artıq soydaşlarımızı öz ata-baba torpaqlarından edərək qaçqın və məcburi köçkünə çevirib. O bildirib ki, təkcə Xocalı qətliamını törətməklə ermənilər XX əsrdə ikinci dəfə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.

V. Qədirov bildirib ki, Ermənistan, ona havadarlıq edən dövlətlərin dəstəyi ilə beynəlxalq hüquq normalarına əhəmiyyət verməyərək bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Bu ilin iyulunda Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident seçkisi"nə diqqət çəkən QHT rəsmisi bildirib ki, elə bununla da beynəlxalq təşkilatların fəaliyyətsizliyi və ya münaqişədə ikili standart göstərməyi aydın bəyan olur.

Tədbirdə çıxış edən digər ziyalılar ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımı aktları haqqında məlumat verərək bildiriblər ki, bu tarixi faktların yaddan çıxmaması üçün mütəmadi tədbirlərin həyata keçirilməsi davam etdirilməlidir.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə