Masazırda sürüşmə zonasından son xəbər- FOTOSESSİYA

Masazırda sürüşmə zonasından son xəbər- FOTOSESSİYA

Son günlər ölkə ərazisində baş verən torpaq sürüşməsi aktiv hal alıb. Abşeron rayonunun Masazır qəsəbəsində Qır gölü adlanan ərazidə baş verən çökmə nəticəsində bir neçə yaşayış evi qəzalı vəziyyətə düşüb. SİA-nın verdiyi xəbərə görə, qəsəbədə yaşayan Şuşa rayonundan məcburi köçkün düşən ailələrin evləri artıq yaşayış üçün əsl təhlükə mənbəyinə çevrilib. Sakinlərin sözlərinə görə, torpaq qatının yerdəyişməsi ilk olaraq 2 ay bundan əvvəl hiss edilməyə başlayıb. Çökmənin getdikcə artdığını görən ev sahibləri hadisə ilə bağlı aidiyyatı qurumları xəbərdar ediblər. Dərhal hadisə yerinə Masazır bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional şöbəsinin əməkdaşları cəlb olunub. İlkin olaraq çökmə baş verən əraziyə bir neçə istiqamətdə beton və dəmir bəndlər vurulub. Bununla yanaşı torpaq qatından axan sudan nümunələr götürülüb. Aparılan araşdırmaların nəticəsi olaraq axan suyun qrunt suları deyil, ərazidə olan konalizasiya suları olduğu bildirilir.

Sürüşməyə məruz qalan evin sahibi Anar Məhərrəmov deyir ki, bir neçə gün öncə təkrar baş verən çökmə sürüşmənin qarşısının alınması üçün qurulan bəndi tamamilə dağıdıb. Elə bu səbəbdəndə onlar artıq evlərini tərk ediblər."Artıq bir neçə gündür ki, gündüzlər öz evimizdə axşamlar isə qohumlarımızın evində gecələməli oluruq. Çünki evinizdə qalmaq bizim üçün çox təhlükəlidir".

Söhbət əsnasında müsahibim deyir ki, təxminən 10 il əvvəl bu ərazini onlar Masazır bələdiyyəsindən alqı-satqı yolu ilə alıblar. Hətta ərazidə tikinti aparılması üçün Torpaq Komitəsi tərəfindən laihələndirilmə işləri aparılıb. Ev sahibi sözü gedən sənədləri bizə göstərərək qanunu şəkildə bu ərazinin onlara məxsus olduğunu bildirdilər.

Masazır kənd bələdiyyəsinin sədr müavini Söhbət Məmmədov isə ərazidə vəziyyətin təhlükəli olduğunu bildirdi. Qurum rəsmisinin sözlərinə görə, görülən bütün tədbirlərə baxmayaraq təbiət hadisəsi qarşısında onlarda acizdirlər. Çünki torpağın alt qatı ilə süzülüb gələn su quraşdırılan bəndi tamamilə dağıdıb. Əgər daha ciddi tədbirlər görülməsə, o zaman sürüşmənin fəsadlarının miqyası genişlənə bilər. "Hazırda axan suyun mənbəyinin tapılması istiqamətində ərazidə axtarış işləri aparırıq. Lakin hələ ki, müsbət nəticə əldə edə bilməmişik. Texnika vasitəsilə ətraf ərazidə bir neçə yerdə qazıntı işləri aparacağıq. Əgər su oradan axarsa onu müxtəlif vasitələrlə konalizasiya xəttinə birləşdirəcəyik. Hesab edirəm ki, ondan sonra çökmə də dayanacaq", - deyə Söhbət Məmmədov bildirib.

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar artıq tədbirlər planı hazırlanıb və bu gün aidiyyəti qurumlara təqdim ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevdən aldığımız məlumata görə, ərazinin hidroloji və mühəndisi geoloji şəraiti öyrənilməlidir: "Yamac ekzogen-geoloji proseslərin təsirindən öz dayanıqlığını itirib. Əraziyə daxil olan qrunt suları drenaj edilərək uzaqlaşdırılmalıdır. Yamacın aşağı hissəsində yamacı möhkəmləndirmək üçün mükəmməl istinad divarı tikilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə